17 Fevral, 2011
“Bloomberg” agentliyi Azərbaycan prezidenti ilə bağlı yanlışlığı aradan qaldırıb

“Bloomberg” agentliyi Azərbaycan prezidenti İlham Əliyevlə bağlı yol verilmiş yanlışlığı düzəldib. Agentliyin Bakı təmsilçiliyindən APA-ya bildirilib ki, fevralın 16-da yerləşdirilmiş məqalədəki yanlışlıq texniki xarakterli olub və bu gün aradan qaldırılıb.

Qeyd edək ki, fevralın 16-da “Bloomberg” agentliyi bir məqalədə Azərbaycan prezidenti İlham Əliyevin foto şəklini yerləşdirib. Fotoşəklin alt yazısında isə “Azərbaycan dünyanın dördüncü ən böyük qaz ehtiyatlarının sahibi Türkmənistandan hələ konkret təklif gözləyir... Biz Türkmənistan qazının ötürülməsini təmin etməyə hazırıq” sözlərinin telefonla Əliyev soyadlı şəxs tərəfindən deyildiyi iddia edilir. 

Əslində belə təqdimat bu sitatın şəkildə göstərilən şəxsə, yəni Azərbaycan Prezidenti İlham Əliyevə aid olması haqqında fikir formalaşdırılır.

Agentliyimizin bununla bağlı sorğusuna cavab olaraq, prezidentin mətbuat Xidmətindən bildirilib ki, “Bloomberg” agentliyi Azərbaycan Prezidenti ilə əlaqə saxlamayıb: “Bu cür təhrif olunmuş faktlar oxucular arasında yanlış təəssüratın yaranmasına və qeyri-obyektiv informasiyanın yayılmasına səbəb olur”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!