17 Fevral, 2011
Bakıdakı 1 milyard dollarlıq stadionun tribunaları hərəkət edəcək

MOK vitse-prezidenti: “Stadion texniki cəhətdən ən yeni qurğu olacaq, bütün müasir texniki imkanlardan istifadə ediləcək”

Böyük Şor qəsəbəsində tikiləcək 64 min nəfərlik tamaşaçı tutumuna malik olimpiya stadionunun Bakı şəhərinin 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürmək istəyi ilə heç bir əlaqəsi yoxdur. Bu haqda Simsar.az-a Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib. 

Onun sözlərinə görə, ölkəmizdə xeyli müddətdir böyük stadiona ehtiyac var. Bu isə Azərbaycanda futbolun inkişaf etməsi, komandaların sayının artması ilə əlaqədardır. Lakin Hüseynzadənin fikrincə, Tofiq Bəhramov adına Respublika stadionu şəhərin mərkəzində yerləşdiyi üçün onu genişləndirməyə, böyütməyə imkan azdır: “Ona görə də Bakıda yeni stadionun tikintisi növbəti prosesdir. Fikrimcə, olimpiadanın Bakıda keçirilib-keçirilməməsindən asılı olmayaraq, günün tələblərinə cavab verən yeni idman qurğuları tikilməlidir”.

Stadionun inşasını həyata keçirəcək “Türkiyənin TOCA şirkətindən tikintinin 1 milyard dollara başa gələcəyi haqda açıqlama verilib. MOK rəsmisi arenanın dəyəri haqda məlumatsız olduğunu bildirsə də, stadionun bütün müasir tələblərə cavab verəcəyini açıqlayıb: “Tikintiyə sərf olunacaq vəsaitin həcmindən məlumatsızam. Amma bilirəm ki, stadion texniki cəhətdən ən yeni qurğu olacaq, bütün müasir texniki imkanlardan istifadə ediləcək. Bildiyimə görə, orada irəli - geri hərəkət edən tribunalar olacaq. Həm sırf futbol stadionu, həm də digər idman növləri üzrə, xüsusən atletika yarışları keçirməyə yararlı olacaq. Yəqin ki, əlavə futbol meydançaları da tikiləcək, yüksək səviyyəli infrastruktur olacaq. Stadion tikiləndən sonra xərclənən vəsaitin səmərəli olub-olmadığı müəyyənləşdiriləcək. Əlbəttə, Böyük Şor qəsəbəsindəki neft gölməçələrinin qurudulması, yolların salınması da lazımdır. Təkcə stadionun deyil, bütün infrastrukturun qurulması nəzərdə tutulub”.

Qeyd edək ki, Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikiləcək stadionun 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!