12 Noyabr, 2013
Ortak mədəniyyət nümünəsi beynəlxalq aləmdə

Özbəkistanın paytaxtı Daşkənddə Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Teatrının təşkilatçılığı, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistandakı Azərbaycan diaspora təşkilatının dəstəyi ilə Azərbaycan və Özbəkistanın Xalq Artisti, görkəmli rejissor Firudin Səfərovun 80 illik yubileyi qeyd olunub.

Yubiley mərasimində Özbəkistanın tanınmış mədəniyyət və incəsənət xadimləri, Özbəkistan ictimaiyyəti, Daşkənddəki universitetlərin müəllim və tələbələri, mətbuat nümayəndələri və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Firudin Səfərovun həyat və fəaliyyətinə həsr olunmuş filmlə başlanan tədbiri giriş sözü ilə Ə.Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Teatrının direktoru Bəxtiyar Yaqubov açaraq, Firudin Səfərovun Özbəkistandakı fəaliyyəti, onun xidmətləri barədə məlumat verib, yubiliyarı təbrik edib.

Teatr ictimaiyyəti adından F.Səfərova Özbəkistanın milli geyimi və digər hədiyyələr təqdim olunub.

Tədbirdə Azərbaycan Respublikasının Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev çıxış edib. O, Firudin Səfərovun iki xalq qarşısındakı xidmətlərini yüksək qiymətləndirib. Onun fəaliyyətinin Azərbaycan və Özbəkistan dostluğunun möhkəmlənməsində, habelə mədəniyyətin, teatr sahəsinin inkişafında mühüm rol oynadığını bildirib.

Çıxışlardan sonra tamaşaçılara Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının ifaları və Azərbaycan xalq mahnılarından ibarət proqram təqdim olunmuş, Firudin Səfərovun səhnələşdirdiyi "Leyli və Məcnun", "Koroğlu", "Karmen", "Otello", "Arşın mal alan" və s. bir sıra əsərlərdən parçalar nümayiş etdirilib.

Aynur


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!