16 Fevral, 2011
Doqquz rayonun icra hakimiyyətində pozuntu aşkarlandı

Azərbaycanın 9 rayonunun İcra hakimiyyətlərində dövlət qulluqçularının etik davranış qaydalarını pozduğu aşkarlanıb.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan çərşənbə günü Trend-ə bildirilib ki, bu rayonlar üzrə 29 icra hakimiyyəti əməkdaşı barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

İki rayonun icra hakimiyyətinin 13 əməkdaşının dövlət qulluğuna xitam verilib. Komissiyadan bildirilib ki, Qubadlı rayon İcra Hakimiyyətində 1, Kəlbəcər rayon İcra Hakimiyyətində 2, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətində 1, Laçın rayon İcra Hakimiyyətində 2, Kürdəmir rayon İcra Hakimiyyətində 1, Cəbrayıl rayon İcra Hakimiyyətində 2, Göygöl rayon İcra Hakimiyyətində 4, İmişli rayon İcra Hakimiyyətində 14, Lerik rayon İcra Hakimiyyətində 2 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.

İmişli rayon İcra Hakimiyyətində 12, Lerik rayon İcra Hakimiyyətində 1 dövlət qulluqçusunun dövlət qulluğuna xitam verilib.

Komissiyadan bildirilib ki, Bakı şəhərinin Nizami, Səbail rayon İcra hakimiyyətləri, Füzuli, Ağcabədi, Ağstafa, Qobustan, Şirvan şəhər İcra hakimiyyətləri tərəfindən Komissiyaya təqdim olunmuş hesabatlarda ötən il ərzində dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması halları və ya bununla bağlı şikayətlərin olub-olmaması ilə bağlı məlumat qeyd edilməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!