16 Fevral, 2011
Hakimiyyət Mübarəkin heykəlini götürmək istəmir

Aydın Mirzəzadə: «Heykəlin ucaldılması hansısa şəxslə bağlı olmayıb»

Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin Xırdalan şəhərində ucaldılan heykəlinin hələ də qalması təəccüblə qarşılanır. Müxalifət onun heykəlinin tezliklə götürülməsini tələb edir. 

Hakimiyyət isə tələsik addımlar atmaq istəmir.
Hakim Yeni Azərbaycan Partiyasınn deputatı Aydın Mirzəzadə hesab edir ki, indiki mərhələdə Mübarəkin heykəlinin götürülməsi gündəmdə deyil: «Gələcəkdə bu məsələ müzakirə oluna bilər. Amma həmin heykəlin ucaldılması hansısa şəxslə bağlı olmayıb. Bu, Misir və Azərbaycan dövlətlərinin, xalqlarının dostluğunu özündə əks etdirən parkdır. Parkdakı simvollara fərqli münasibətlər ola bilər».

Bir neçə il öncə Qahirə ilə rəsmi Bakı arasında imzalanan dostluq sazişlərindən biri Misirin Qalubiyyə vilayəti ilə Xırdalan şəhərinin dostlaşması ilə bağlı olub. İki ölkə arasında imzalanan memorandumdan sonra mərhum prezident Heydər Əliyevin heykəli Qalubiyyə vilayətində ucaldılıb, Hüsnü Mübarəkin heykəli isə Xırdalanda, Misir-Azərbaycan Dostluq Parkında qoyulub.
Misirin keçmiş prezidenti Hüsni Mübarəyin xalq etirazlarının nəticəsi olaraq hakimiyyətdən devrilməsi onun Xırdalan şəhərindəki abidəsinin sökülməsini gündəmə gətirib.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!