16 Fevral, 2011
Bəhreyn qarışdı, kral Ərəbistandan ordu istədi

Sünnilər də etirazlara qoşuldular.

Bəhreyndə hökumət əleyhinə aksiyalar davam edir.

Simsar.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, ABŞ Fars körfəzindəki 5-ci donanmasının mənzil-qərargahının yerləşdiyi Bəhreyndə baş verənlərdən ciddi narahatdır.

Çünki dünən axşama qədər sünni kral ailəsinin hakimiyyətdən uzaqlaşmasını yalnız ölkədəki şiə çoxluq tələb edirdisə, artıq sünnilər də kral hakimiyyətinə qarşı başlanan aksiyalara qoşulublar. Sünni yaşayış məntəqələrində keçirilən aksiyalarda kral Hamad İsa əl-Xəlifənin istefası tələb olunur. “DebkaFile” saytı yazıb ki, Bəhreyn kralı hakimiyyətini qorumaq üçün artıq Səudiyyə Ərəbistanının kralı Abdullaya müraciət edib və Səudiyyə Ərəbistanın ordusunun sərhədi keçərək ona yardım etməsini istəyib. Səudiyyə Ərəbistanı hakimiyyəti isə Bəhreyndə baş verən kütləvi iğtişaşların bu ölkənin ərazisində də yayılacağından qorxur. Şiələr yaşayan rayonlarda, o cümlədən neft yataqları və limanlar ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Suriya prezidenti Bəşər Əsəd Misir, Tunis və Bəhreyndəki hadisələrin ölkəsində təkrarlanmaması üçün aksiyaların baş verməsi gözlənən rayonlarda təhlükəsizlik tədbirlərini gücləndirib. Separatizmə meylli kürdlərin yaşadığı rayonlar ordunun mühasirəsindədir. Bəşər Əsəd icazəsiz aksiya keçirənlərin təcili dağıdılması, bunun üçün silahdan da istifadə edilməsini tapşırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!