15 Fevral, 2011
Ziya Məmmədov: “Lisenziyaların verilməsi və rüsumların yığılması qanunvericiliyə uyğun şəkildə aparılmalıdır”

Nəqliyyat Nazirliyində kollegiya iclası keçirilib.

Simsar.az xəbər portalı nazirliyin internet saytına istinadən xəbər verir ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı keçirilən toplantıda nazirliyin müvafiq qurumlarının rəhbərləri iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov çıxışına Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yanvarın 27-də keçirilən iclasında qaldırılmış məsələlərlə toxunmaqla başlayıb və əlavə olaraq Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda bürokratik əngəllərin aradan qaldırılmasına, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin daha da ciddi aparılmasında ictimai nəzarətin gücləndirilməsinə dair müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırıb.

Kollegiyanın işində dövlət başcısının tövsiyə və tapşırıqlarına uyğun olaraq nazirliyinin müvafiq strukturlarının fəaliyyətində şəffaflığın artırılması üzrə qarşıda duran vəzifələr təhlil olunub. Ziya Məmmədov qeyd edib ki, bu məsələ ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin söylədiyi irad və tövsiyələr ciddi olaraq müzakirə olunmalı və qarşıya qoyulmuş vəzifələrin icra edilməsi üçün konkret tədbirlər görülməlidir. Nazirlik tərəfindən  dəniz, dəmir yolu, avtomobil yolu və avtomobil nəqliyyatı sahəsində verilən tapşırıq və tövsiyələrə diqqət artırılmalı, nəzarət mexanizmi, xüsusilə daxili nəzarət daha da gücləndirilməlidir. Bildirilib ki, nəqliyyat infrastrukturu iqtisadiyyatın ən önəmli sahələrindən biri kimi dövlətin nəzarətindədir.

Kollegiyada o da vurğulanıb ki, nazirliyin “Qaynar xətt”i aktivləşdirilməli və daxil olan müraciətlərə həssaslıqla yanaşılmalıdır. Kollegiya sədri bütün təsərrüfat rəhbərlərinə lisenziyaların verilməsi və rüsumların yığılması qaydalarının qanunvericiliyə uyğun şəkildə aparılmasını ciddi şəkildə tapşırıb. Eyni zamanda nazir Ziya Məmmədov şəffaflığın daha da artırılması, korrupsiyaya, süründürməçiliyə qarşı mübarizə sahəsində tədbirlərin bundan sonra da intensiv şəkildə davam etdirilməsinin, həmçinin nəqliyyatda təhlükəsizlik məsələlərinə diqqətin artırılmasının zəruriliyini vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!