24 Oktyabr, 2013
Həqiqət üçün yaşayan, sürgündə ölən - DAHİ

Əsl Turançı, islam vurğunu, sadə olduğu qədər fəlsəfi, “tanrı”sı gözəllik və sevgi olan Hüseyn Cavidin 131 illiyidir

«Əgər sizlər bir an belə mənim kimi eşq dərdinə düşmüş olsaydınız, hər qəmimdə dərd ortağım olurdunuz… Siz eşqdən bir şey anlamazsınız. Çünki mənim düçar olduğum bəlaya düçar olmadınız».

Hüseyn Cavid 1882-ci ildə Naxçıvanın Şahtaxtı kəndində ruhani ailəsində dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində alıb(1894-1898). 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olub, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.

Sənətkar klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirib. O, 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olub. Hüseyn Cavidin bir sənətkar və insan kimi həyat, habelə zəngin yaradıcılıq yolu olduqca mürəkkəb, ziddiyyətli dövrə təsadüf edib. İlk növbədə iki yerə parçalanmış Azərbaycanın taleyinə «Vətən, Vətən deyərək hər diyarə səs salaram» qeyrəti ilə yaşayan şair yazıb:

Dərd aldı sağımı, ölüm solumu
Namərd Araz kəsdi mənim yolumu.


O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şer kitabı 1913-cü ildə çap olunub.
Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya qoyub. Hüseyn Cavid bu dövrdə tədriclə "haq verilmir, alınır" ideyasına gəlib çıxıb.
20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu. Şair ömrü boyu hansısa bir qrupa, yaxud firqəyə mənsub olmaq, rəhbərləri və liderləri vəsf etməkdən uzaq duraraq, ümumbəşəri hisslərlə yaşayıb. Belə bir fakt təsadüfi sayıla bilməz ki, vaxtilə o, Müsavat hökumətinin dövlət himnini yazmaq təklifinə: «Mən sifarişlə şeir yazmıram!» cavabını verib. “Xalqa xidmət diləriz — kimi müqəddəs arzusunu həyata keçirmək üçün qorxu yox, izlədiyim haqq yoludu”.
O, lirik ruhlu şeirlərində, romantik səhnə əsərlərində yaşadığı saxta ideyalar və yalançı vədlər üzərində qurulmuş cəmiyyətin mahiyyətini açıb. Yaşadığı cəmiyyətin üzləşdiyi ictimai-iqtisadi problemlərin həll olunmasında, məsuliyyət daşıyan dairələri, hökuməti ustalıqla damğalayıb.

Cavid Əfəndi ustad bir sənətkar kimi əsərlərində təsvir olunan hadisələrdən bu gün ibrət dərsləri almağa çağırıb. Vaxtilə «İrşad» qəzetində dərc olunmuş bir şeirində «hər millət öz tərəqqisinə hürriyyət axtarır» və «kəsb etdiyi maarifə bir qiymət axtarır» mövqeyindən çıxış edib. «Səyavuş» faciəsində, üsyankar Altayın şah hakimiyyətinə qarşı çıxışı, «sənayeləşdirmə — kollektivləşdirmə — mədəni inqilabla» öyünən bolşevik rejiminə, onun əsl mahiyyətinə ittiham kimi səslənən şeirlər yazıb:

Ölkə viran oldu, çıraqlar söndü,
Evlər məzara döndü.
«Vergi» deyə hər gün bizi soydunuz,
Yaman günə qoydunuz.


Vətənpərvər şairin vaxtilə xəbərdarlıq etdiyi, Şərqin əxlaq-davranış qaydalarına zidd meyllərin türk dünyasında düşünülməmiş təqlidçiliklə yayılıb. İnsan həyatının maddi və mənəvi cəhətlərinin vəhdətində mənəvi-əxlaqi dəyərlərin daha üstün olduğunu «Qız məktəbində» şeirində Gülbaharın dili ilə söyləyir. Cavid bu şeirində şerində çox bəsit bir hadisədə belə, həyatı, sadəliyi, saf sevgini ustalıqla göstərə bilib:
— Quzum, yavrum! Adın nədir?
— Gülbahar.
— Pəki, sənin anan, baban varmı?
— Var.
— Nasıl, zənginmidir baban?
— Əvət, zəngin, bəyzadə...
— Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma...
— Var əfəndim, var... lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
- Çox doğru söz... Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
— Ən çox sevdiyim ilkin
O Allah ki, yeri-göyü, insanları xəlq eylər.
— Sonra kimlər?
— Sonra onun göndərdiyi elçilər.
— Başqa sevdiklərin nasıl, yoxmu?
— Var...
— Kimdir onlar?
- Anam, babam, müəlliməm, bir də bütün insanlar...

1941-ci ildə, 59 yaşında Sibirə sürgün olunmuş dahi insan vəfat edir. Yubiley ərəfəsində H.Əliyevin təkidi ilə cənazəsinin qalıqları İrkutsk vilayətindən Naxçıvana gətirilib, ev-muzeyinin yaxınlığında dəfn edilib. Naxçıvanda onun qəbri üstündə möhtəşəm məqbərə ucaldılıb.

Turanə İbrahimi

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!