15 Fevral, 2011
Türkiyə Ermənistanla sərhədi minalardan təmizləyəcək

Türkiyə Ermənistanla sərhəddə minalanmış sahələri təmizləməyi planlaşdırır.

Türkiyə hərbi KİV-ləri belə bir məlumat yayıb.

Türkiyənin Ermənistanla sərhədi soyuq müharibə dövründə minalanıb. Sərhədin neytral zolağına minaların döşənməsinə ötən əsrin 50-70-ci illərində SSRİ və NATO arasında yaranmış gərginlik və xüsusilə də İkinci Dünya Müharibəsindən sonra Stalinin Türkiyəyə təhdidləri səbəb olub. Sonrakı dövrlərdə də ərazinin müxtəlif hissələrinə minalar basdırılmaqla sərhədin müdafiə imkanları yüksəldilib. Basdırılmış minalar isə vaxtı ilə Amerikada istehsal edilib.

Məlumata görə, Türkiyənin piyadalar əleyhinə minaların ləğvinə dair Ottava Konvensiyasına qoşularkən götürdüyü öhdəlikləri yerinə yetirməməsi ötən ilin noyabr ayında Cenevrədə keçirilən toplantıda sərt tənqid olunub. Türkiyə tərəfi bu günlərdə Suriya ilə sərhədin minalardan təmizlənməsi üçün tender elan edib. Növbəti addım isə Ermənistanla sərhədin təmizlənməsidir. Ermənistanla sərhəddə lokal ərazilərin minalanması səbəbindən bu sahələrin təmizlənməsinin daha qısa vaxt aparacağı bildirilir.

Yerli KİV-lərin məlumatına görə, Ermənistanla sərhəddəki mina maneələrinin aradan qaldırılması bu ölkədən Türkiyəyə qeyri-qanuni yolla gələnlərin sayını artıracaq. Ölkələrindəki işsizlikdən və sosial durumun ağırlığından narazı olan ermənilər indi də sərhədi pozaraq qeyri-qanuni yolla Türkiyəyə gəlirlər. Hər il isə xeyli sayda erməni mühacir sərhədi keçərkən mina partlayışlarının qurbanı olur. Təkcə 2009-cu ildə bu göstəricinin 11 nəfər təşkil etdiyi söylənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!