15 Fevral, 2011
RƏQƏMLİ YAYIMA KEÇİD NECƏ OLACAQ?

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

DVB-T rəqəmli tegleviziya və radio yayımı nə deməkdir? Bu qərar yeni yayıma keçid üçün hansı özəlliyi daşıyır? Tamaşaçılar, yaxud dinləyicilər yeni yayımla bağlı hansı addımları atmalıdırlar? Suallara televiziya və radio qurğuları üzrə texniki ekspert Rəşad Namazov aydınlıq gətirib. 

Qərarı “Media forum” saytına şərh edən ekspertin sözlərinə görə, bu proqram Azərbaycanda rəqəmli televiziya və radio yayımına keçid mexanizmidir: “Bilirik ki, artıq bir çox dövlət bu yayım növünə keçib, amma Azərbaycanda bunun üçün mexanizm yox idi. Nazirlər Kabinetinin qərarı rəqəmli yayıma keçidin başlanğıçıdır”.

Rəşad Namazovun sözlərinə görə, qərarda nəzərdə tutulan birinci mərhələ proqramın sosial tərəfini, ikinci mərhələ isə kommersiya tərəfini ehtiva edir: “Rəqəmli yayıma keçidin sosial tərəfinin həyata keçirilməsi Teleradio İstehsalat Birliyinin üzərinə düşəcək. Qərardan göründüyü kimi, bu mərhələ 2011-2012-ci illəri əhatə edəcək. 2011-2012-ci illərdə ən azı bir açıq paketdən - 8-12 telekanaldan ibarət olmaqla Bakı, Gəncə, Naxçıvanda, o cümlədən sərhəd bölgələrində rəqəmli televiziya yayımının təşkili nəzərdə tutulur. Hazırda ölkədə məhz bu sayda televiziya var və yəqin ki, söhbət elə onlardan gedir. Qərara görə, birinci mərhələnin sonuna ölkə əhalisinin təqribən 60-70 faizini təmin edə biləcək rəqəmli televiziya yayım şəbəkəsinin qurulması planlaşdırılır”.

Ekspert qeyd edib ki, 2013-cü ili əhatə edən ikinci mərhələdə radio-televiziya stansiyalarında optimal yayımın tələblərini təmin etməklə iki, üç və daha artıq paketdən (hər birində 8-12 teleknal) ibarət rəqəmli televiziya vericilərinin quraşdırılması nəzərdə tutulur: “Qərara görə, bu paketlərə dövlət, ictimai, özəl və regional televiziya kanalları ilə yanaşı, əhalinin marağına səbəb olan digər televiziya kanalları da daxil edilə bilər. Mərhələnin sonunda ölkə ərazisi əsasən rəqəmli televiziya yayımı ilə təmin olunacaq”.

Bu mərhələnin həyata keçirilməsində həm yerli, həm xarici, həm də müştərək investisiyaların iştirak edə biləcəyini deyən ekspert bu məsələlərin də qərarda əksini tapdığını vurğulayıb: “Yəni dövlət bu mexanizmi öz nəzarəti altında saxlayacaq”.

Rəşad Namazovun sözlərinə görə, ikinci mərhələ üzrə rəqəmli yayımın təşkilini həyata keçirəcək və yeni yaradılacaq, fəaliyyət göstərmək üçün lisenziya alacaq teleradio operatorlarının üzərinə müəyyən funksiyalar düşəcək: “Belələrinə multi-pleks şirkətlər deyilir ki, onlar digər operatorların proqramlarını ötürmək işini öz üzərinə götürür. Yeni bir baza yaradılır və bunun üzərindən istənilən kanal öz proqramlarının yayımını multi-pleks şirkətlər vasitəsilə həyata keçirir”.

Hazırda əhalinin istifadə elədiyi televizorların heç də hamısının rəqəmli yayımı dəstəkləmədiyini deyən Rəşad Namazov yalnız son model televizorlarda bu sistemin olduğunu bildirib: “Rəqəmli yayımı dəstəkləmək üçün televizorlara abunəçi terminalları quraşdırılmalıdır. Əlavə cihazlar da rəqəmli yayımı dəstəkləyə bilər. Bu qurğuları ya yerli bazardan, ya da sifariş verməklə xaricdən gətizdirmək mümkündür. Açıq kodlaşma sistemi olmayan kanallar üçün qurğuların qiyməti dünya bazarında 35 dollardan başlayır. Amma bu qurğuların yerli istehsalçısının ortaya çıxacağını da istisna eləmirəm”.

Ekspert hesab edir ki, rəqəmli yayıma keçidin birinci mərhələsində aztəminatlı ailələr üçün həmin qurğuların quraşdırılması dövlətin hesabına olmalıdır: “Əgər dövlət proqramı təsdiq olunubsa, bu kimi şərtlər də nəzərə alınmalıdır”.

Rəqəmli yayıma keçid mərhələlərində və ondan sonrakı illərdə çanaq antenlərindən istifadə məsələsinə gəlincə, Rəşad Namazov burada ikili problem olduğunu deyib: “Elə vətəndaşlar var ki, o, televiziya proqramlarına çanaq antenləri vasitəsilə baxmaq istəyir. Bunu ona heç kim qadağan edə bilməz. Düzdür, antenlər binaların fasadlarını korlayır, bunun üçün binaların damında onların qurşdırılması üçün yer ayırmalıdır. İkinci tərəfdən, yayım operatorları rəngarəng paketlər təşkil etməlidirlər, belə olduqda vətəndaşlar özləri çanaq antenlərindən imtina etməyə başlayacaqlar”.

Küləkli, qarlı havalarda siqnalların zəifləməsi üzündən antenlərdə problem yarandığını xatırladan ekspertin sözlərinə görə, rəqəmli yayım zamanı belə hallar yaşanmır.

Rəşad Namazov qeyd edib ki, birinci mərhələnin həyata keçirilməsi zamanı xidmət pulsuz olmalıdır: “Ona görə də bu mərhələ sosial mərhələ adlandırılır. İkinci mərhələ üzrə isə bir neçə paket müəyyənləşdiriləcək və bu, pullu xidmət olacaq”.

Beynəlxalq Telekommunikasiya İttifaqının bu sahə üzrə apardığı araşdırmaların nəticəsi olaraq 2006-cı ilin may ayında İsveçrənin Cenevrə şəhərində keçirilmiş Regional Radiorabitə Konfransında (RRK-06) rəqəmli televiziya yayımına keçidlə bağlı müvafiq qərarlar qəbul edilib və 2015-ci ilədək bu keçidin başa çatdırılması barədə region ölkələri arasında razılıq əldə olunub.

Ekspert hesab edir ki, Nazirlər Kabinetinin qərarında nəzərdə tutulan 3 il rəqəmli yayıma keçidi başa çatdırmağa kifayət edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!