15 Fevral, 2011
Abdullah Gül İran müxalifətinin mitinqinə qatılmaq istədi 

“Xalqa zidd olan heç bir şey etmək olmaz” 

İran prezidenti Mahmud Əhmədinejad İran müxalifəti ilə görüş keçirməyə razılıq verən Türkiyə prezidenti Abdullah Gülə mane olub. 
Simsar.az-ın məlumatına görə, bu barədə İsrailin kəşfiyyat saytı “Debka” yazıb. Sayt qeyd edib ki, İran rejiminə qarşı etiraz etmək məqsədilə küçələrdə mitinqə başlayan etirazçılar Gülü onlara qoşulmağa dəvət edib. Türkiyə prezidenti isə bu dəvəti qəbul edərək etirazçıları salamlamaq qərarına gəlib. Buna görə də prezident Gülün cangüdənləri İran təhlükəsizlik səlahiyyətlilərindən icazə istəyib. Saytın iddiasına görə, bunu eşidən Əhmədinejad dərhal işə müdaxilə edib. O bildirib ki, Gül nümayişçilərlə görüşəcəyi halda Ankara ilə diplomatik böhran baş verəcək. Saytda həmçinin İran prezidentinin Gülün etirazçılara yaxınlaşmaması ilə bağlı əmr verdiyi də yazılıb. 

“Xalqdan üz döndərmək həll yolu deyil. Dövr başqa dövrdür, mobil telefonlar bağlana bilər, lakin televiziyalar hər şeyi göstərir”. Simsar.az-ın məlumatına görə, bu sözləri İranda səfərdə olan Türkiyənin prezidenti Abdullah Gül jurnalistlərə açıqlamasında bildirib. İranda müxalifətin keçirdiyi nümayişləri qiymətləndirən Gül qeyd edib ki, xalqa zidd olan heç bir şey etmək olmaz. O, bunun üçün liderlik etməyin vacibliyini vurğulayıb: “Bunları ümumi olaraq deyirəm, bu ölkə ilə əlaqədar demirəm. Bütün Yaxın Şərq ölkələri, hamımız üçün deyirəm”.
Ölkələrdə islahatlar keçirilməsinin əhəmiyyətinə toxunan Gül deyib ki, şəffaflıq təkcə siyasətdə deyil, iqtisadiyyatda da lazımdır. O, İndoneziyanı nümunə kimi göstərib: “Ən böyük müsəlman ölkəsi olan İndoneziya çətinliklərlə qarşılaşıb. Lakin parlament sisteminə keçərək köklü islahatlar ediblər. Bütün bunlar hər kəsə dərs olmalıdır. Kim bundan özünə dərs çıxarsa qazanar, əks halda bu gün olmasa da, sabah eyni şeylər onların başına gələcək”. 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!