15 Fevral, 2011
Nazirlik Yevlaxda müşavirə keçirdi

Bu gün Yevlaxda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 rayon (Bərdə, Yevlax, Mingəçevir, Ağdam, Tərtər, Goranboy, Ağdaş, Göyçay, Zərdab, Ucar) üzrə yerli strukturlarının iştirakı ilə növbəti belə zona müşavirəsi keçirilib.

Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan Simsar.az-a bildiriblər ki, müşavirədə iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, ünvanlı dövlət sosial yardımının təyinatı və ödənişi, tibbi-sosial ekspertiza müayinələrinin aparılması, əlillərin reabilitasiyası, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı sahələrində həyata keçirilən tədbirlərdən danışılıb. Həmçinin yerli strukturlar tərəfindən vətəndaşların müraciətlərinə baxılması, şəffaflığın təminatı sahəsində görülən işlər geniş müzakirə olunub. Görülən işlərin müsbət nəticələri qeyd olunmaqla, vətəndaşlara xidmət sahəsində yol verilən nöqsanlar da diqqətə çatdırılıb. 

Müşavirədə bildirilib ki, yerli qurumlar tərəfindən bəzən vətəndaş müraciətlərinə laqeyd yanaşılması, onlara münasibətdə qeyri-mədəni davranış halları insanlarda ümumi narazılığın yaranması, müxtəlif instansiyalara şikayət məzmunlu ərizələrin ünvanlanması ilə nəticələnir. Nazirlik tərəfindən vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsinə daim diqqət və nəzarət göstərilir, fəaliyyətində nöqsanlara yol verən əməkdaşlar haqqında ciddi tədbirlər görülür. Belə tədbirlərin bundan sonra da davam etdiriləcəyi, əhaliyə xidmətin təşkilində nöqsanlara yol verən əməkdaşların qanunvericiliyin tələblərinə uyğun şəkildə sərt cəzalandırılacağı bildirilib.

Tədbirdə yerli strukturların məsul şəxslərinə bu sahədə işlərin gücləndirilməsi, sosial müdafiə tədbirlərinin təşkilində şəffaflıq, ünvanlılıq, ədalətlilik prinsiplərinə ciddi riayət olunması, habelə aztəminatlı vətəndaşlara dövlət qayğısının çatdırılması işinin daha effektli təşkili məqsədilə strukturlar arasında fəaliyyətin əlaqəli şəkildə qurulması, hər bir vətəndaşın müraciətinə diqqət və qayğı ilə yanaşılması barədə ciddi tapşırıqlar verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!