15 Fevral, 2011
FHN və DİN “Şirvan” yük gəmisində baş verən yanğınla bağlı məlumat açıqlayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) “Şirvan” yük gəmisində baş verən yanğınla bağlı məlumat yayıb.

Bakı şəhəri, Səbail rayonunda İlham Allahverdiyev adına Gəmi Təmiri Zavodunun ərazisində təmirə dayanmış Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Şirvan” quru yük gəmisinin 1-ci və 2-ci yarusunda (burun hissəsində) köməkçi otaqlarda olan əşyalar 60 kv/m sahədə yanıb. Yanğın zamanı gəmidə olan 5 nəfər müxtəlif xəsarətlər alıblar. Yaralılardan 1 nəfəri - 1983-cü il təvəllüdlü Raqif Yuriy oğlu Qarayev aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Gəminin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 23:06-da yanğınsöndürənlər tərəfindən tam söndürülüb. İlkin ehtimala görə, yanğına qaynaq işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması səbəb olub. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. 

Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş məlumatda isə bildirilir ki, fevralın 14-də saat 21.25 radələrində, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə məxsus "İlham Allahverdiyev" adına Gəmi Təmiri Zavodunun körpüsündə "Şirvan" quru yük gəmisində təmir işləri aparılan zaman gəminin burun hissəsində yanğın baş verib. Nəticədə zavodun işçiləri Şaiq Mirzəyev, Geysəddin Xilidov, Sabir Aşurov, Yurka Qarayev, Rafiq Qarayev yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
R.Qarayev orada dünyasını dəyişib, Y.Qarayevə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digərlərinin vəziyyəti isə qənaətbəxşdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!