15 Fevral, 2011
Azərbaycanda narkotik alverçisi polis əməkdaşlarına silahlı müqavimət göstərib

Azərbaycanın Biləsuvar rayonunda silahlı insident olub.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumat verib. Onun sözlərinə görə, polis fevralın 13-də, Penitensiar Xidmətin Biləsuvar rayonunda yerləşən 4 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən Seymur Babayevi 1 kiloqram həşişi satarkən tutmaq istəyib. Bu zaman S. Babayev əməliyyatçılara tapançadan atəş açaraq hadisə yerindən qaçıb. 

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin cənub bölgəsi üzrə regional şöbəsi və Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində S. Babayev zərərsizləşdirilib. Ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” tipli tapança və 25 kiloqram 220 qram çəkidə həşiş aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!