15 Fevral, 2011
Penitensiar Xidmətin keçmiş rəisi barədə ziddiyyətlər

Bir hüquq müdafiəçisi Nazim Ələkbərovu tərifləyir, o biri pisləyir 

Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Nazim Ələkbərov işdən çıxarılıb. Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Nazim Ələkbərov 1960-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Texniki Universitetini mühəndis, 1996-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib.

Nazim Ələkbərov 2004-cü ilin may ayında Baş İdarənin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib və 2005-ci ilin yanvar ayından Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi vəzifəsini icra edib.

2006-cı ilin aprel ayında Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi təyin edilib.

O, ədliyyə general-mayoru xüsusi rütbəsindədir, fəaliyyətində dəfələrlə mükafatlandırılıb.

Nazim Ələkbərovun yerinə DİN Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev təyin olunub.

Hüquq müdafiəçiləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin keçmiş rəsini Simsar.az saytına xarakterizə edirlər.

“Nazim Ələkbərov sağolsun...”

Penitensiar Xidmətdə monitorinq aparan İctimai Komitənin üzvü, hüquq müdafiəçisi İradə Cavadova:

- İctimai Komitənin üzvü kimi dəflərlə Penitensiar Xidmətdə monitorinqlər aparmışam. Nazim Ələkbərovla çox az görüşmüşəm. Onunla heç bir problemim olmayıb. Sağ olsun, bizə hər cür şərait yaradırdı ki, monitorinq aparaq.
Nazim Ələkbərov Penitensiar Xidmətə rəis təyin ediləndən sonra orada müsbət dəyişikliklər oldu, bu strukturda korrupsiya halları azaldı. Problemlər var idi, buna görə də cəzacəkmə müəssisələrinin rəhbərləri tez-tez dəyişdirilirdi. Nazim Ələkbərov həm də yaxşı təşkilatçı, səmimi insan idi. Çox təəssüf ki, prezident onu işdən çıxardı.

“...Bu da onun axırı”


İşgəncələr Əleyhinə Komitənin üzvü Elçin Behbudov:

- Prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova təşəkkür edirəm ki, Nazim Ələkbərovu işdən çıxardılar. Adam məni çox incidirdi. Cəzaçəkmə müəssisələrində monitorinq aparmağa imkan vermirdi. Deyirdim ki, penitensiar xidmətdə monitorinqlər icazə ilə deyil, istənilən vaxtda aparılmalıdır, əks təqdirdə şəffaflıqdan söhbət gedə bilməz. Bu fikirim Nazim Ələkbərovun xoşuna gəlmədi və məni müəssisələrə buraxmadı. Bu da onun axırı. Məndə olan məlumatlara görə, Nazim Ələkbərovun dövründə penitensiar xidmətdə işgəncə halları artıb. Məhbuslarla kobud rəftar olunub. Həm də korrupsiya genişlənib. Görünür, bütün bunlar barədə cənab prezidentin və nazirin məlumatı olub və müvafiq tədbir görüblər. Prezident onu işgəncə və korrupsiya faktlarına görə cəzalandırıb.

Ruslan

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!