15 Fevral, 2011
Azərbaycanda dövlət çevrilişində iştirak edən şəxs Rusiyada gizlənir

O, Moskvada “oğrular” arasında baş verən silahlı insidentdə bir gözünü itirib

Azərbaycanda dövlət çevrilişində günahlandırılan şəxsin Rusiyada gizləndiyi məlum olub. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib. 


Məlumatda bildirilir ki, 1963-cü il təvəllüdlü Vilayət Muquzar oğlu İsmayılov 1995-ci ildən beynəlxalq axtarışa verilib. O, ötən əsrin 90-cı illərdə Azərbaycanda Rövşən Cavadovun rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) ən fəal üzvlərindən olub. V.İsmayılov həmin dövrdə dövlət çevrilişində iştirak edib. Daha sonra isə ölkəni tərk edərək xaricə qaçıb. Uzun müddət Rusiyanın müxtəlif şəhərlərində gizlənən V.İsmayılov məsuliyyətdən yayınmaq və tanınmamaq üçün bir neçə il əvvəl soyadını dəyişdirərək Omarov olub.


Azərbaycan hüquq-mühafizə orqanları həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.İsmayılovun “Omarov” soyadı ilə Rusiyanın paytaxtı Moskvada gizləndiyini müəyyən edib. Araşdırmalar zamanı V.İsmayılovun (Omarov) Rusiyada kriminal aləmlə yaxın əlaqələrinin olduğu barədə faktlar ortaya çıxıb. Belə ki, o, 2010-cu ildə Moskvada “oğrular” arasında baş verən silahlı insidentdə gözündən güllə yarası alıb və bir gözünü itirib.


Hazırda həm Rusiya, həm də Azərbaycan hüquq-mühafizə orqanları V.İsmayılovun (Omarov) tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!