Bakı sahillərində dayanan "Şirvan" yük gəmisində baş verən güclü yanğın nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Bu barədə Trend-ə hüquq mühafizə orqanlarındakı mənbədən məlumat veriblər. Həlak olan Qarayev Raqif Yurka oğludur. Onun atası Yurka Qarayev isə xəsarət alıb.
Kliniki Tibbi Mərkəzdən öncə Trend-ə verilən məlumata görə, yanğın nəticəsində xəsarət alanlardan biri çərşənbə axşamı tibb mərkəzinə çatdırılıb.
"Bizim Mərkəz bir nəfər qəbul edib. Bu 1971-ci il təvəllüdlü Şaiq Nəsib oğlu Mirzəyevdir. Xəstə çənə nahiyəsində cüzi zədələr alıb. Onun vəziyyəti normaldır", Kliniki Tibbi Mərkəzdən Trend-ə deyiblər.
Çərşənbə axşamı gecə Bakı sahillərində dayanan "Şirvan" yük gəmisində güclü yanğın baş verib. Bu barədə Trend-ə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyindən məlumat veriblər.
Dövlət Xəzər Dəniz Gəmiçiliyi rəhbərliyinin hadisə yerində gəldiyi bildirilib. Heç bir digər rəsmi məlumat verilməyib.