12 Fevral, 2011
«Bilmirəm ki, bunu hansı gicbəsər ortaya atıb»

ARDNŞ-in mətbuat xidmətinin rəhbəri 1 milyardlıq stadion xəbərini təkzib etdi

Bakıda Böyük Şor gölünün yaxınlığında tikilməsi planlaşdırılan stadionla bağlı müzakirələr səngimir. Layihənin icraçısı Türkiyənin TOCA (The OffIce of Contemporary Architecture) şirkətidir. Stadionun tikintisinin 1 milyard dollara başa gələcəyi bildirilir.

TOCA Memarlıq ofisinin memarı Erdinç Çiftçi bildirib ki, stadion 36 aya tikiləcək və bir-birinin içinə dolanan halqa görüntüsü ilə diqqəti çəkəcək.

«Bizim Yol» qəzetinin yazdıqlarına görə, Türkiyədə TOCA şirkətini tanıyan yoxdur. Şirkət daha çox Azərbaycanda fəaliyyət göstərir. Və ARDNŞ-in layihələrini icra etməklə məşhurlaşıb.

Stadionun tikintisi ətrafında əsas narahatilıq onun qiyməti ilə bağlıdır. Ekspertlər 1 milyard dolların həddindən çox olduğunu bildirməklə yanaşı, bu vəsaitlərin xərclənməsində şəffaflığa riayət edilməyəcəyini də deyirlər.

ARDNŞ mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə yayılan xəbərləri təkzib edir. ARDNŞ rəsmisi Simsar.az-a açıqlamasında Böyük Şor gölünün ətrafında planlaşdırılan stadionla bağlı layihənin hələ qiymətləndirilmədiyini dedi: «Mən bilmirəm ki, bunu hansı gicbəsər ortaya atıb. Özlərindən bir qiymət kəşf edib, dartışdırırlar. Hələ layihənin eskizi hazırdır. Onun qiymətini indidən söyləmək çətindir».

Onun sözlərinə görə, TOCA şirkətinin nümayəndələri də stadionun tikintisi üçün 1 milyard dollar lazım olduğunu təkzib ediblər: «Şirkətin nümayəndələri maliyyə barədə heç bir açıqlama vermədiklərini deyirlər».

TOCA şirkətinin ARDNŞ-lə yaxınlığı barədə yazılanların həqiqətə uyğun olmadığını bildirən N.Quliyev onu da qeyd etdi ki, adıçəkilən şirkət bu günə qədər ARDNŞ-lə cəmi bir layihədə əməkdaşlıq edib. O da tikilməsi planlaşdırılan stadionunla bağlıdır.

Ramil

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!