12 Fevral, 2011
ATƏT PA vitse-prezidenti Əli Kərimli ilə görüşdü

Görüşdə Volfqanq Qrossrukın başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib

Bu barədə APA-ya AXCP sədri özü məlumat verib. Onun sözlərinə görə, görüşdə 7 noyabr 2010-cu il tarixdə Azərbaycanda keçirilmiş parlament seçkiləri, seçkilərdən sonra yaranmış vəziyyət, ATƏT-in və başqa beynəlxalq təşkilatların bu seçkilərə münasibəti və digər məsələlər müzakirə olunub. Ə. Kərimli bir daha beynəlxalq təşkilatların hesabatına istinad edərək 7 noyabr parlament seçkilərinin beynəlxalq standartlara uyğun olmadığını ATƏT təmsilçilərinin diqqətinə çatdırıb. Ə. Kərimli görüşdə onu da deyib ki, ATƏT bir qayda olaraq seçkilərdən sonra seçki islahatları ilə bağlı tövsiyələr irəli sürsə də, bunlar sonradan kağız üzərində qalır: “Biz təklif etdik ki, bu tövsiyələrin yerinə yetirilməsi, xüsusilə də seçki komissiyalarının yenidən təşkil olunması və Seçki Məcəlləsinin pozitiv istiqamətə dəyişilməsi üçün addımlar atılsın. Ötən seçkilərdən sonra cənab Qrossrukun ATƏT-in fəaliyyətdə olan sədrinə yazdığı məktubdan Azərbaycan ictimaiyyətinin məyus olduğunu da onun diqqətinə çatdırdıq”.

Qeyd edək ki, görüşdə ATƏT-in Parlament Assambleyasının təmsilçisi səfir Andreas Nosel (Nothell) və Avstriya parlamentinin nümayəndəsi Lukas Mussi də iştirak edib.

V. Qrossruk 7 noyabr 2010-cu il parlament seçkiləri ilə əlaqədar ATƏT PA-nın qısamüddətli Müşahidə Missiyasına, eyni zamanda seçki günü ATƏT-in ümumi missiyasına rəhbərlik edib. Müşahidə Missiyasının həmin tərkibinə A. Nosel və L. Mussi də daxil olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!