12 Fevral, 2011
Azərbaycanın "Eurovision-2011"də təmsilçisinin seçimi gedir

Yaxın dəqiqələrdə finalçı məlum olacaq.

Milli.Az xəbər portalının məlumatına görə, hal-hazırda Akademik Milli Dram Teatrında İTV-nin canlı yayımı ilə "Eurovision-2011"in milli seçim turu çərçivəsində final gecəsi keçirilir. Hazırda davam edən final yarışmasında, Azərbaycanı "Eurovision-2011" mahnı müsabiqəsində təmsil etmək üçün beş finalçı - Nigar Camal, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və İlhamə Qasımova çıxış edirlər.

İfaçıların hər biri 4 mahnıdan ibarət xüsusi repertuarla çıxış edirlər. Konsert proqramında finalçılarla yanaşı, Bakıda qonaq olan “Eurovision” ulduzları da qonaq qismində iştirak edirlər. Gürcüstan təmsilçisi Sofia Nijaradze də səhnəyə çıxaraq, özünün Eurovision mahnısını ifa etdi, Azərbaycan finalçılarına uğurlar dilədi.

Finalçıların çıxışları davam edir. Yaxın dəqiqələrdə qalib münsiflər heyəti tərəfindən müəyyənləşəcək.

Finaıçıları bir daha təqdim edirik:

Eldar Qasımov

Eldar 1989-cu ildə Bakıda anadan olub. 1995-2006-cı illərdə 160 saylı məktəbdə oxuyub. 2001-2005-ci illərdə 2 saylı musiqi məktəbində fortepiano sinfində musiqi təhsili alıb. 2008-ci ildə Almaniyada olarkən vokal dərsləri alıb. Almanca sərbəst danışır. 2006-2010- cı ildə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil alıb. Hazırda həmin universitetin magistratura pilləsində təhsilini davam etdirir. Çox kiçik yaşlarından mahnı oxumağa başlayıb, Azərbaycan və Rusiyanın müxtəlif şəhərlərində təşkil olunmuş konsert proqramlarında iştirak edib.

İlhamə Qasımova

1976-cı ildə Lənkəran şəhərində doğulub. 2000-ci ildə “Bakı Payızı” müsabiqəsinin laureatı olub. 2006-cı ildə “Yeni Ulduz” yarışmasının qalibi olub. Hazırda Avropada tanınmış prodüserlər Mark Dollar ve Mayk Mayls ilə yeni albom üzərində çalışır.

İlqarə İbrahimova

İlqarə İbrahimova 1990-cı ildə Bakı şəhərində anadan olub. Müasir Təhsil Kompleksində təhsil alıb. Moskva Dövlət Universitetinin tələbəsidir.

Nigar Camal

1980-ci ildə Bakıda doğulub. 1985-1986-cı illərdə uşaq ansamblının solisti olub. 1988-1995-ci illərdə musiqi məktəbində təhsil aldığı müddətdə bir neçə mahnı da bəstələyib. 1996-cı ildə “Pöhrə” musiqi yarışmasında diplomla təltif olunub. 2005-ci ildən Londonda yaşayır. RnB, Soul, Pop janrlarında mahnılar ifa edir.

Quliyeva Aynişan

1991-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Ukraynanın Yalta şəhərində keçirilən “Lets the world to the better” festivalında “Bülbüllər” qrupu ilə gümüş medal qazanıb. 2003-cü ildə Andrey Babiçin qrupunda rəqsdən dərs alıb. Aynişan 2009-cu ildən Azərbaycan Dövlət Mədəniyyət Universitetində təhsil olur.

Məlumat üçün bildirək ki, münsiflər heyəti 7 nəfər üzvdən və 1 səsvermə katibindən ibarətdir. Münsiflər heyətinin sədri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərovdur. İ. Ömərovdan başqa, münsiflər heyətinə Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva və digər peşəkarlar daxildir.

Qeyd edək ki, milli final konserti Azərbaycanın İctimai Televiziyası ilə yanaşı, Eurovision TV, TRT və Gürcüstanın İctimai Televiziyası ilə də canlı yayımlanır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!