12 Fevral, 2011
İran İslam inqilabının qələbəsinin 32-ci ildönümü Azərbaycanda qeyd olunub

Bu gün Bakıda “Gülüstan” sarayında İran İslam inqilabının qələbəsinin 32-ci ildönümü münasibətilə tədbir keçirilib.

APA-nın məlumatına görə, Azərbaycan və İranın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Bağır Bəhrami çıxış edib.

Səfir İranda İslam inqilabının qələbəsindən sonra bu ölkədə elm, iqtisadiyyat, səhiyyə və həyati əhəmiyyətli digər sahələrdə ciddi nailiyyətlər əldə olunduğunu qeyd edib. O, Azərbaycanla İran arasında dostluq münasibətlərinə toxunaraq bildirib ki, bu illər ərzində cəmiyyətlərarası inteqrasiya istiqamətində də müsbət addımlar atılıb: “İki ölkə arasında dostluq münasibətləri dövlət rəhbərlərinin səyi nəticəsində həyata keçib”.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam inqilabının ildönümü münasibətilə İran xalqını təbrik edib. Nazir ölkələrimiz arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!