11 Fevral, 2011
Akademik Milli Dram Teatrı Moskva Bədaye Teatrı ilə əməkdaşlığa başladı

Akademik Milli Dram Teatrının beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində işləri davam edir.

Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Oleq Tabakovun rəhbərlik etdiyi A.P.Çexov adına Moskva Bədaye Teatrı (MXT) ilə qarşılıqlı əməkdaşlıq münasibətləri qurulub. Bu günlərdə Moskva Bədaye Teatrının direktor müavini İqor Popov Oleq Tabakovun göstərişi ilə Bakıda işgüzar səfərdə olub. Akademik Milli Dram Teatrında olan qonaq teatrın yeni binasının maddi-texniki bazasını, texnoloji imkanlarını yüksək qiymətləndirib.

Moskva Bədaye Teatrının direktor müavini İqor Papov ilə Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov arasında qarşılıqlı əməkdaşlıq haqqında danışıqlar aparılıb və bu danışıqlar müsbət həllini tapıb. Qarşılıqlı razılaşmaya əsasən, Akademik Milli Dram Teatrının iki tamaşası Moskva Bədaye Teatrının səhnəsində nümayiş etdiriləcək. Moskva Bədaye Teatrının iki tamaşası isə Milli Dram Teatrının səhnəsində Bakı tamaşaçılarına göstəriləcək. Razılaşmaya əsasən, may ayında Akademik Milli Dram Teatrının Moskvaya qastrol səfəri reallaşacaq. Hazırda tərəflər may ayında gerçəkləşməsi nəzərdə tutulan qarşılıqlı qastrolların təşkilati hazırlığı və nümayiş olunacaq tamaşaların müəyyənləşdirilməsi ilə məşğuldurlar.

Məlumatda qeyd olunub ki, sözügedən layihə Azərbaycan-Rusiya teatr əlaqələri tarixində yeni bir səhifə olacaq. Çünki bu günə qədər Azərbaycanda heç bir teatrın Moskva Bədaye Teatrı ilə əməkdaşlığı olmayıb. Milli teatrımızın əməkdaşlıq əlaqələrinin məhəlli səviyyədən çıxarılaraq beynəlxalq miqyasa çatdırılması həmin layihənin başlıca məqsədidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!