11 Fevral, 2011
Azərbaycanda məcburi auditdən yayınan vəzifəli və hüquqi şəxslər cərimə olunacaqlar

Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik edilməsi haqqında” layihə təsdiq olunub.

APA-nın məlumatına görə, yeni yaradılmış Ağsu rayonunun Bənəcik kənd bələdiyyəsi siyahıya daxil edilib.

İclasda “Dövlət rüsumu haqqında” Qanuna əlavə edilməsi barədə layihə də səsverməyə çıxarılıb. Əlavəyə əsasən Patent Kooperasiyası haqqında müqaviləyə və Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında Haaqa müqaviləsinin Cenevrə aktına müvafiq olaraq iddia sənədinin alınması və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosuna göndərilməsi üçün rüsumun məbləği 10 manat təsdiqlənib.

İclasda «Auditor xidməti haqqında» qanuna əlavə və dəyişikliklər edilməsi barədə layihə də müzakirə olunub. Əlavələrə əsasən qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmaya görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər isə 500 manatdan 2500 manatadək cərimə olunacaqlar.

Əlavə və dəyişikliklərlə bağlı çıxış edən deputatlar Vahid Əhmədov və Azay Quliyev QHT-lərin məcburi auditdən keçirilməsinə qarşı olduqlarını bildiriblər. A. Quliyev deyib ki, QHT-lərin məcburi auditdən keçirilməsi dövlətin hazırkı siyasətinə qarşıdır. O, dəyişikliyin 12 təsərrüfat subyektinə şamil olunduğunu da bildirib: «Mən təklif edirəm ki, qanun layihəsi qəbul olunsun. Amma Nazirlər Kabinetinə müraciət olunsun ki, QHT-lər məcburi auditə cəlb olunan təsərrüfat subyektlərinin siyahısından çıxarılsın. QHT-lər bu gün məcburi auditə hazır olmadığından hələ ki, bu məsələ nəzərə alınmalıdır”.

MM-in Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, bu layihə ilə QHT-lərin birbaşa bağlılığı yoxdur: «Azərbaycanda vətəndaş cəmiyyətinə dövlətin mövqeyi bəllidir və biz buna dəstək veririk. Biz bu məsələni belə şişirtməməliyik. Sonra bu məsələ beynəlxalq təşkilatların siyahısına düşəcək. Məgər onlar bu məsələnin hüquqi tərəfini araşdıracaqlar?».

Ə. Hüseynli onu da qeyd edib ki, Avropa Şurasının tövsiyələrində də belə bir məsələ əksini tapıb ki, dövlət tərəfindən maliyyələşdirilən təşkilatlar məcburi auditdən keçirilə bilər.

Deputat Fuad Muradov isə bu məsələnin dövlətdən birbaşa vəsait alan təşkilatlara (Yazıçılar Birliyi və s.) aid edilməsini, ictimai birliklərə şamil olunmamasını təklif edib.

Deputat Qüdrət Həsənquliyev məcburi auditin xaricdən maliyyələşən QHT-lərə şamil olunması barədə təklif səsləndirib: «Xaricdən böyük məbləğdə qrant alan təşkilatlar var. Bu yaxınlarda oxuduq ki ABŞ Azərbaycanda demokratiyanın inkişafına 27 milyon dollar vəsait ayırır. Bu araşdırılmalıdır ki böyük vəsaitlər hara və necə xərclənir».

MMəclis Aparatının rəhbəri Səfa Mirzəyev qeyd edib ki, qanun layihəsində söhbət təsərrüfat subyektlərindən gedir: «O təsərrüfat subyektlərinin adları qeyd olunur. QHT-lər özləri bunun marağında olmalıdırlar ki, maliyyə işlərini düzgün qursunlar. Bununla bağlı Nazirlər Kabinetinin qərarlarında qeyd olunmalıdır ki, hansı qeyri-hökumət təşkilatları auditə cəlb oluna bilər. Hesab edirəm ki, Nazirlər Kabinetinin qərarlarına da dəyişikliklər olmalıdır».

Müzakirələrdən sonra layihələr səsə qoyularaq təsdiqlənib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!