11 Fevral, 2011
Daha bir məmur vəzifədən çıxarıldı

Nazirlik onu işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün Masallıda zona müşavirəsi keçirib. Müşavirədə cənub bölgəsinin 8 rayonu üzrə yerli strukturların nümayəndələri iştirak edib. Nazirliyin mətbuat xidmətindən Simsar.az-a bildiriblər ki, müşavirədə iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti, ünvanlı dövlət sosial yardımının təyinatı və ödənişi, tibbi-sosial ekspertiza müayinələrinin aparılması, əlillərin reabilitasiyası, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı sahələrində həyata keçirilən tədbirlər müzakirə olunub. Həmçinin yerli strukturlar tərəfindən vətəndaşların müraciətlərinə baxılması, şəffaflığın təminatı sahəsində görülən diqqət mərkəzində olub. 

Müşavirədə bildirilib ki, yerli qurumlar tərəfindən bəzən vətəndaş müraciətlərinə laqeyd yanaşılması, onlara münasibətdə qeyri-mədəni davranış halları insanlarda ümumi narazılığın yaranması, müxtəlif instansiyalara şikayət məzmunlu ərizələrin ünvanlanması ilə nəticələnir. Nazirlik tərəfindən vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsinə daim diqqət və nəzarət göstərilir və fəaliyyətində nöqsanlara yol verən əməkdaşlar haqqında ciddi tədbirlər görülür.

Bu istiqamətdə tədbirlərin davamı kimi Yardımlı rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilib, ayrı-ayrı əməkdaşlar haqqında intizam tədbirləri görülüb. Belə tədbirlər bundan sonra da davam etdiriləcək.

Müşavirədə yerli strukturların məsul şəxslərinə bu sahədə ciddi dönüş yaradılması sosial müdafiə tədbirlərinin təşkilində şəffaflıq, ünvanlılıq, ədalətlilik prinsiplərinə ciddi riayət olunması, habelə aztəminatlı vətəndaşlara dövlət qayğısının çatdırılması işinin daha effektli təşkili məqsədilə strukturlar arasında fəaliyyətin əlaqəli şəkildə qurulması, hər bir vətəndaşın müraciətinə diqqət və qayğı ilə yanaşılması barədə ciddi tapşırıqlar verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!