11 Fevral, 2011
Xaricdən gələn milyardlarla qrant...

Mehman Əliyev: «Nəticə olsaydı, Azərbaycanda demokratik vəziyyət ildən-ilə pisləşməzdi»

Asim Mollazadə: «Yaxşı olardı ki, hökumət özü bu layihələri həyata keçirsin»

Hər il Azərbaycana müxtəlif təşkilatlar vasitəsilə milyonlarla dollar qrant ayrılır. Bu qrantlar əsasən ölkədə demokratiyanın güclənməsi üçün nəzərdə tutulur. Sonuncu məlumata görə, ABŞ prezidenti Barak Obama açıqladığı xarici iqtisadi yardım proqramında Azərbaycanda demokratiyanın möhkəmlənməsinə 27 milyon dollar, Braziliyada QİÇS-ə qarşı mübarizə və ətraf mühitin mühafizəsi üçün 21 milyon dollar ayırmağı təklif edib.

Maraqlıdır, Azərbaycana ayrılan qrantların nəticəsi olurmu?
«Turan» İnformasiya Agentliyinin rəhbəri, SOROS İdarə Heyətinin sədri Mehman Əliyevin sözlərinə görə, demokratiya ilə bağlı ayrılan vəsaitlərin effektivliyi həqiqətən də mübahisəlidir: «Əlbətdə ki, ayrılan qrantların ciddi nəticəsi olmur. Formal layihələr həyata keçirilir. Nəticə olsaydı, Azərbaycanda demokratik vəziyyət ildən-ilə pisləşməzdi».
M.Əliyev həmçinin bildirir ki, ABŞ prezidentinin ayırdığı maliyyə yardımları daha çox hökumət qurumlarına verilir: «Həmin vəsaitlərlə hökumətlə ABŞ qurumları formal konfranslar keçirirlər, layihələr hazırlayırlar. Ntəicə isə olmur».
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə isə bildirdi ki, Azərbaycanda demokratik cəmiyyət qurulunca ABŞ yardımlarını davam etdirəcək: «Axı Azərbaycan hökuməti demokratik islahatlara lazımi qədər vəsait ayırmır. Biz çox istərdik ki, Azərbaycanda vətəndaq cəmiyyəti qurulsun. Vətəndaş cəmiyyəti institutları da özlərində sosial məsuliyyət hiss etməlidirlər. Cəmiyyətin özündə güc olmalıdır ki, demokratiyaya yaxınlaşsın».
A.Mollazadə həmçinin qeyd etdi ki, Azərbaycan hakimiyyəti son illər vətəndaş cəmiyyətinin qurulması üçün müxtəlif layihələr həyata keçirir: «Bununla bağlı KİV-ə Dövlət Dəstəyi Fondu yaradılıb. İqtisadiyyatımız güclü olsa əlbətdə ki, xaricdən qrantların ayrılmasına ehtiyac qalmaz. Yaxşı olardı ki, hökumətimiz özü bu işləri görsün ki, xaricdən qrant ayrılmasına ehtiyac qalmasın».

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!