11 Fevral, 2011
Azərbaycanda vergi daxilolmaları kəskin artırılacaq

 «Artıq vergi orqanları proqnozun icrası ilə deyil, ölkə prezidentinin tapşırıq verdiyi kimi dövlətin cari xərclərinin ödənilməsi üçün daxilolmaları təmin etmək üçün bütün qüvvələrini səfərbər edəcək».

Bunu vergilər naziri Fazil Məmmədov bildirib. 

Onun sözlərinə görə, cari xərclər illik 7 mlrd. manatdan artıq təşkil edir ki, bu da hazırkı vergi daxilolmalarından təqribən 2 dəfə çoxdur: «Bu məbləğ Vergilər Nazirliyi və Gömrük Komitəsinin xətti ilə təmin olunmalıdır». Nazir bildirib ki, bunu həyata keçirmək üçün həm qanunvericilikdə dəyişikliklər, həm də inzibati islahatlar aparılmalıdır.

F.Məmmədovun sözlərinə görə, daxilolmaların artımı vergi yükünün ağırlaşdırılması hesabına deyil, vergi bazasının genişləndirilməsi – təkmilləşdirilməsi hesabına təmin olunacaq.

Öz növbəsində vergi bazasının genişləndirilməsi əsasən nağdsız hesablaşmaların aparıldığı sahələr hesabına təmin olunacaq: «Nağdsız hesablaşmalar aparılan sahələrdə vergidən yayınma minimumdur, nağd hesablaşmalarda isə təəssüf ki, vergidən yayınma həddən artıq çoxdur».

Nazir bildirib ki, POS-terminal və bank sisteminin mükəmməl şəraitdə işlədiyi təqdirdə nağd hesablaşmalardan istifadə etmək birbaşa vergidən yayınma məqsədi güdür: «Ona görə də biz bununla ciddi mübarizə aparacağıq».

Bununla yanaşı, nazir yaxın vaxtlarda vergi yükünün azaldılmasının gözlənilmədiyini qeyd edib: «İndiki şəraitdə vergi yükünün, vergi dərəcələrinin azaldılması haqqında danışmaq bir az tezdir». F.Məmmədov bildirib ki, sahibkarlıq fəaliyyəti ilə məşğıl olan fiziki və hüquqi şəxslər üçün mənfəət vergisinin dərəcəsi ötən il azaldılıb: «Halbuki həmin vaxt dünya ölkələrində əks proseslər baş verirdi».

Bundan başqa, bir qədər əvvəl banklara vergi tətillərinin verildiyini xatırladan nazir bildirib ki, bu tətillər başa çatandan sonra onların bankların fəaliyyətinə təsiri araşdırılacaq və bu məsələyə yenidən baxıla bilər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!