11 Fevral, 2011
“ÖLKƏ RƏHBƏRLİYİ, MİLLİ MƏCLİS RƏHBƏRLİYİ BUNA DİQQƏT YETİRSİN, OSMAN KAZIMOVUN HÜQUQLARI DƏRHAL BƏRPA OLUNSUN”

Parlamentin 11 fevral iclasında danışan müxalif deputat Qüdrət Həsənquliyev Müsavat Partiyası Divanının üzvü, tanınmış vəkil Osman Kazımovun məsələsinə toxunub. Ötən həftə Vəkillər Kollegiyasının Rəyasət Heyəti Osman Kazımovun kollegiya üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət qərarı verib.

Qüdrət Həsənquliyev vəkil Osman Kazımovla bağlı qərarın ictimaiyyəti narahat etdiyini vurğulayıb: “Vəkillər tez-tez müstəntiqlərdən şikayət edirlər. Bu şikayətlər əsasında müstəntiqlər vəzifədən azad edilsəydi, onda ölkədə müstəntiq qalmazdı. İstintaq orqanlarının rəhbərləri hansı müstəntiqdən şikayət daxil olan kimi onu vəzifədən azad edir?

Tutaq ki, prokurorluq Vəkillər Kollegiyasına Osman Kazımovla bağlı belə bir təqdimat verib və həqiqətən də həmin tədqiqatda hansısa pozuntu olub. Şəxsən mən belə bir pozuntunun olduğuna əmin deyiləm, amma məgər təqdimat daxil olan kimi vəkili köllegiyadan çıxararlar? Ona xəbərdarlıq etmək olardı. Bu cür addımlar ölkənin imicinə zərbə vurur. İstərdim ki, ölkə rəhbərliyi, Milli Məclis rəhbərliyi buna diqqət yetirsin, Osman Kazımovun hüquqları dərhal bərpa olunsun”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!