11 Fevral, 2011
Əli Həsənov: “Korrupsiyaya qarşı mübarizə kampaniya deyil”

“Azərbaycanda korrupsiyaya qarşı mübarizənin aparılmasında əsas məqsəd ölkənin inkişafına mane olan neqativ halları aradan qaldırmaqdır”.

Əli Həsənov bildirib: "Azərbaycanda korrupsiyaya qarşı mübarizənin aparılmasında əsas məqsədlərdən biri də ölkənin daxili və xarici imicinə xələl gətirən məsələləri birdəfəlik aradan qaldırmaq, ölkəmizdə həm əhalinin narazılığına səbəb olan amillərə son qoymaq, həm də iş adamlarının fəaliyyətinə mane olan halların qarşısını almaqdır”.

PA rəsmisi bildirib ki, korrupsiyaya qarşı mübarizə kampaniya deyil: “2010-cu ilin yekunları ilə bağlı yanvarın 14-də Prezident İlham Əliyevin keçirdiyi Nazirlər Kabinetinin genişlənmiş iclasında bu məsələ cənab Prezident tərəfindən irəli sürüldü və qeyd olundu ki, Azərbaycan 2010-cu ildə və müstəqillik dövründə bütün sahələrdə ciddi irəliləyişlər əldə etdiyi, dinamik inkişafa nail olduğu, daxili, xarici siyasətdə mühüm uğurlar əldə etdiyi halda bəzi məsələlər var ki, onlara nail ola bilməmişik. Onların sırasında da cənab prezident xarici siyasətdə və beynəlxalq münasibətdə Dağlıq Qarabağ problemini, daxili siyasətdə isə hələ də sahibkarlığa mane olan halların mövcudluğunu, ölkədə sahibkarlıq obyektlərinin qeyri-qanuni yoxlamalara məruz qaldığını, ölkənin işgüzar imicinə mənfi təsir göstərən korrupsiya və rüşvət hallarının mövcud olduğunu bəyan etdi və bu hallara qarşı ciddi mübarizəyə çağırdı. Həmin müşavirədən sonra ölkə başçısının tapşırığına müvafiq olaraq bir çox tədbirlər, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın müvafiq toplantısı, nazirliklərin, komitələrin və digər orqanların mərkəzləşmiş kollegiya toplantıları, yoxlayıcı təşkilatların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Nazirlər Kabineti və digər qurumların müvafiq toplantıları keçirildi və bu toplantılar davam etdirilir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!