11 Fevral, 2011
Azərbaycanın məktəblərində əfqan hərbçilər hazırlanacaq

Əfqanıstan Azərbaycanla hərbi kadrların hazırlanması sahəsində əməkdaşlığa başlamaq niyyətindədir.

Lent.az-ın Azərbaycan Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, artıq bununla bağlı tərəflər arasında ilkin razılaşma əldə olunub. Razılaşmaya əsasən bu ilin sonu - gələn ilin əvvəllərində Əfqanıstan və Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

İlkin razılaşmada Azərbaycanın hərbi məktəblərində əfqan hərbçi kadrların və sərhəd polisinin zabitlərinin hazırlanması da əsas yeri alır. Məlumatlara görə, Azərbaycan tərəfi bir neçə il əvvəl Kabilə bu sahədə öz təkliflərini verib və müsbət cavab alıb. Lakin bəzi daxili sənədləşmələrlə əlaqədar olaraq əfqan kadrların Azərbaycana göndərilməsi ləngiyir. Bu problemin növbəti ildən öz həllini tapacağı gözlənilir. Əfqanıstan tərəfi sərhəd polisinin və ordu zabitlərinin hazırlanması və onların ixtisaslarının artırılması ilə yanaşı, Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə tələbələr göndərmək niyyətində olduğunu da açıqlayıb.

Məlumata görə, Azərbaycan tərəfi razılaşmanın birinci hissəsində Əfqanıstan Müdafiə Nazirliyinin Milli Minatəmizləmə Departamentinin əməkdaşları üçün təlimlər keçib. Eyni zamanda Əfqanıstana səfər edərək hazırlanmış qrupların minaların zərərsizləşdirilməsi əməliyyatlarına nəzarət edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!