3 Sentyabr, 2013
SAMİR BAYRAMLI: “BƏZİ ŞEYLƏRİ ÖZÜMƏ YEDİRƏ BİLMİRƏM”

l

“Telesima”nın bu dəfəki qonağı “Bizdən-sizə” verilişinin aparıcısı Samir Bayramlıdır. Hər dəfə efirdə onu görəndə mənə özündən razı adam təsiri bağışlayan Samirlə səmimi söhbət alındı. “Özündən razı yox, özümə əminəm”. O özü belə deyir…

- Necə oldu ki, televiziyada aparıcı kimi fəaliyyətə başladız?
- Mən televiziyaya müsabiqə yolu ilə gəlmişəm. O vaxt müsabiqədə mənlə bərabər bir neçə oğlan və qız iştirak edirdi. Təbii ki, qızlar bizdən 1 həftə tez seçildi. Nanə də seçilənlər arasında idi. Oğlanlardan 3 nəfər qalmışdı: mən, Şahin Cavadsoy, Kazım Sübhan. Bir həftə sonra məni televiziyaya, Kazımı da radioya işə götürdülər...

- Jurnalist işləmək üçün jurnalistika fakültəsini bitirmək lazımdır?
- Jurnalistikanı bitirmişəm. Özü də ki, qırmızı diplomla. Əslində bu mənə ona görə lazım idi ki, heç kəs deyə bilməsin ki, kənd təsərrüfatı və ya digər sahəni qurtarıb, jurnalist işləyir. Fikirləşirdim ki, jurnalistikanı oxuya bilməsəm, heç olmasa incəsənət sahəsini bitirməliyəm.

- Niyə məhz televiziya?
- Kimsə həkim olur, deyirsən niyə? Deyir xoşum gəlir. Mənim də xoşum gəlirdi. Bu sahədə olmaq istəyirdim. Əslində mən 2004-ci ilin yayında 106.3 radiosuna gəldikdə Emin Müsəvi axıra beş adam saxladı. Səsimizi yazdılar, yola saldılar. 5-6 ay sonra növbəti müsabiqə oldu. Sən demə mən Emin Müsəvinin yadında qalmışam. Mənə dedi ki, sən deyəsən gəlmişdin, alınmamışdı. Mən də cavab verdim ki, “onda hələ 17, 18 yaşım var idi. Səsim də formalaşmamışdı. Bilirdim ki, radioya səsim getməyəcək. Ancaq televiziyanı sevirəm”. Dedi “yaxşı onda sabahdan gəl”. O gəl, bu gəl getdim...

- İlk qazandığınız pulla nə almısız?
- İlk qazancım fəhlə işlədikdə olub. Günü iki şirvanla beş gün işlədim. Axırıncı gün şampan şüşəsi ayağımı kəsdi. Amma evə getmədim, işlədim. Günün sonunda 10 şirvan verdilər ona da bir şalvar aldım. 5 gün əziyyət çəkdim getdim bir paltar aldım ki, məktəbə gedəcəm. Televiziyada ilk qazancım isə 2 aylıq fəaliyyətdən sonra 50 dollar olub. Ona da əyin-baş almışam.

- Peşə baxımından nə qədər yol gəlmisiz?
- Heç nə qədər, hələ çox var. Məndə bir-iki xasiyyət olsaydı, gəldiyimdən qat-qat çox yol gələ bilərdim. Bəzi şeyləri özümə yedizdirə bilmirəm. Heç kimə ağız aça bilmərəm. Kiminsə torbasını tikib onun efirinə çıxa bilmərəm. Efirdə görünmək böyük şeydir. Ələlxüsus da Azərbaycanda hansı verlişdə, hansı görkəmdəsən, nə danışırsan, nə aparırsan fərqi yoxdur, əsas odur ki, efirdəsən. Bir müddət efirdə olmasam da şükür Allaha tədbirlərə, toylara və ya hansısa dövlət məclislərinə dəvət edilirəmsə, deməli yəqin ki nə isə var.

- Toylarda aparıcılıq edirsiz?
- Bu sualı mənə hamı şokla verir. Bəlkə də bu mənim qüsurumdur. Çünki heç vaxt bar-bar bağırmamışam ki, mən toy aparıram. Məni neçə illərdir tanıyan adam soruşur ki, sən də toya gedirsən? Niyə getmirəm?! Toya getmək o demək deyil ki, şeir, nağıl deyirsən, saz çalırsan. Onu da edənlər var. Ancaq camaat necə mən də elə...

- Sizi jurnalist adlandırmaq olar?

- Jurnalist olmamışdan qabaq hələ uşaq vaxtı bağçada bütün tədbirləri mən aparırdım. Məktəb vaxtı inşa müsabiqələrində həmişə birinci, ikinci yerləri tuturdum. Universitetdə də ikinci kursun ikinci smestrində Dəmir müəllim bizə “Xəmsə”dən bir vərəqlik yazı yazmağı tapşırdı. Artıq bir cümləyə də icazə vermirdi. 20 dəqiqədən sonra yazıb verdim, dedi sən yəqin ki, boş şey yazmısan. Yazdığımı mənə oxutdurdu. Yazını oxuyandan sonra dedi ki, səndən mütləq jurnalist olacaq.

- Mətbuat gününü qeyd edirsiz?
- Mətbuat günündə “Facebook”dan mənə beş-altı nəfər təbrik mesajı göndərdi. Həmin günü mətbuat işçilərindən başqa heç kəs xatırlamır. Məsələn, ondan iki gün qabaq tort günü idi. Onu daha çox adam bilirdi, nəinki məbuat gününü. Bəlkə də hamı fikrini evə yönəltdi, ona görə bayram yaddan çıxdı.

- Jurnalist olaraq siz də ev gözləyirdiz?

- Belə bir şey dünyanın başqa ölkələrində olsa hamı bir-birini təbrik edər. Biz də isə təbrikdən yox, haqsızlıqdan danışılır. Sabah mən də ev alsam belə deyəcəklər. Amma evlər əsasən xəbər aparıcılarına verilib. Məncə, şou aparıcılarını ciddiyə alıb ev verməzlər. Ümumiyyətlə, ev verilənlərə görə sevindim. Çünki birincisi efirdə olmaq milyoner olmaq demək deyil, hamının ehtiyacı var. İkincisi də ki, ən azından bu layihəyə start verilib. Gözləntim yox idi. Adama gülərlər ki, nə olub səndən qabaq o boyda adamlar var. Amma inşallah vaxt gələr mənim də gözləntim olar. İnsan özü hiss etməlidir ki, o buna layiqdir. Demirəm ki, istəmərəm. Ancaq vaxtı çatdıqda, qıraqdan baxan da ən azı deməməlidir ki, bu utanmır?!

- Niyə televiziyada az görünürsüz?
- Bu sualı mənə hamı verir. O məndən asılı olduğu qədər də məndən asılı deyil. Veriliş yoxdur. Çağırılanda gedirəm, çağırılmıyanda gedib özümü çağırtdırmayacam ki. Bunu əslində qloballaşdırıb tragediya halına gətirmək lazım deyil. Bizim işimiz elədir ki həftədə 7 gün sutkada 24 saat efirdə ola bilməzsən. Düzdür olanlar var, maşaallah. Amma hərdən olmamaq da olur.

- Müasir aparıcılardan kimlərlə özünüzü müqayisə edirsiz?
- Heç kimlə. Mən o səhvi etmərəm, etməmişəm qətiyyən də etmək fikrim yoxdur.

- Sabah efir olmasa hansı işdə işləyərsiz?
- Məsələn, mən daş daşımışam. Evdən gizlin 15-16 yaşımda tikintidə işləmişəm. Yəni təcrübəm var. Məndən yaxşı biznesmen olar, nəyisə yaxşı idarə edən biri. Hərçənd mənə deyirdilər ki, nə əcəb bir yeri götürüb işlətmirsən. Sadəcə mən o mənsuliyyətin altına girməmişəm. Çünki bir əldə iki qarpız tutmağı sevmirəm.

-“Bizdən-sizə”də verilişi müxtəlif xanımlarla aparmısız. Hansı daha yaxşı aparıcı idi?
- Açığı heç biri. “Bizdən-Sizə” verilişini müxtəlif qızlarla aparmışam: Xəyalə Manaflı, Nərgiz, Dilarə. Xəyalə əslində aparıcı deyil, müğənnidir. Mənim fikrimcə, o elə müğənni kimi fəaliyyət göstərsə daha yaxşıdır. Ümumiyyətlə, istər verilişdə istərsə də tədbirdə bir oğlan, bir qız aparıcı varsa, 95% halda oğlanlar qızların qüsurlarını örtmək üçündür. Düzdür bunu dediyimə görə hamısının məndən zəhləsi gedəcək, amma fakt budur.

- Efirdə sualınız qurtardıqda və ya müsahib az danışan olduqda nə edirsiz?
- Mən o vaxt müsahibin üzünə deyərəm. Məsələn mənim müsahibəm olub ki, bir, iki, üç artıq hövsələm daralıb. Mən də insanam. Deyirəm ki, imkanın varsa danış, biraz geniş danış və ya bəlkə də sənin ürəyində elə bir söz var ki, mən onu tuta bilmirəm.

- Ən çətin müsahib kim idi?
- Ən asan müsahib Tünzalə Ağayeva və Manana idi. Onların efirdə danışmaqda problemləri yoxdur, savadlı danışırlar. Ancaq rus dilli müğənnilərlə müsahibə çətin olur.

- Tamaşaçı ağıllını yoxsa ağıllı görünəni sevir?
- Olduğu kimi görünmək insanı sevdirir. Nəsənsə elə osan. Azərbaycan balaca ölkədi, hamı bir-birini tanıyır. Tamaşaçı efir qarşısında oturduqda deyir “sən busan da onsuzda”.

- Xəbərlər verilişində nə vaxtsa sizi görəcəyik?
- Olar, təklif olunsa günü bu gündən yüz xəbər verilişi aparandan daha yaxşı xəbər apararam. Son vaxtlar Xoşqədəm Hidayətqızı Atv-də xəbərlər verilişi aparır. Mən gözləməzdim elə qəşəng alınsın, çox xoşuma gəldi.

- Prinsiplər önəmlidir?
- Bir yerdə oxumuşdum deyir çırpdığın qapını elə çırp ki, qayıtmağa üzün olsun. O boş sözdür. Məncə çırpdığın qapını elə çırp ki, bir də açılmasın. Əgər çırpmısansa, əstəğfürullah, göydən yerə Allah gəlsə mümkün deyil.

- Özünüzdən razısız?
- Bu ilk gündən mənim belimdə möhürdür ki, bu adam özündən razıdır. Özümdən razı deyiləm, ancaq özümə əminəm. Bunlar başqa, başqa şeylərdir. Hamı elə bilir ki, mən özümdən razıyam. Özündən razılıq odur ki, mənim üçə gücüm çatır, yalandan deyirəm beşi edə bilərəm. Bir də var ki, mənim dördə gücüm çatır, mən üçü də edəndə fəxr edirəm, beşə girişmirəm. Çünki bilirəm ki, o mənlik deyil. Amma bacardığımı deməkdən çəkinmirəm.

- Saçlarınıza qarşı komplekslisiz?
- Saçlarıma qarşı dəhşətli dərəcədə kompleksim olub. O dərəcədə ki, ancaq yatanda papağı başımdan çıxartmışam. Rafet el Roman kimi gün boyu başımda papaq gəzirdim. 16-17 yaşımdan saçlarım ağarmağa başlayıb. Onda az idi. Gel istifadə edirdim, o qədər də bilinmirdi. Utanırdım, zəhləm gedirdi ağ saçlardan. 19-20 yaşdan sonra bezdim ki, insan nə qədər papaq taxıb, gel vurar. Yoruldum, nə papaq taxdım, nə gel vurdum. Mənə dedilər ki yaraşır. Əvvəl inanmadım, çünki mən ağ saç yaraşan adam görməmişdim. Ancaq artıq belə bir kompleksim yoxdur. Papaqsız gəzirəm. Sonralar məndən rəng qoyub qoymadığımı soruşurdular. Amma onu deyim ki, mən heç vaxt saçıma rəng qoymaram.

- Qolunuzdakı döymənin mənası nədir?
- Bunun hərəsi bir sözdür. Hamısı yadımdan çıxıb. Bircə bilirəm ki, biri balıq bürcü olduğumdan balıqdır. 6 ilin söhbətidir. Döyməni efirdə elədikdən sonra Telman deyirdi canım boğazıma yığılıb. Gələn əlini qoyub deyirdi mənə bu döymədən elə. 2006-2007-ci ildə üstündə imzam olan başqa döymə elətdirmişdim, onun üstünə bunu döydürdüm.

- Nədən qorxursuz?
- Özümdən. Əslində söz var deyirlər ki, Allahdan başqa heç kimdən qorxmuram. Yalan deyir o adam, hamının qorxduğu ən azı bir nəfər var. Necə ola bilər, sənin 50 kilo çəkin var, 150 kiloluq adam üstünə gəlir. Sən ondan qorxmursan?! Bir də ki Allahdan qorxuram sözü xoşuma gəlmir. Niyə qorxursan, əzraildən qorxmalısan. Allahı tanımaq, sevmək, maksimum dərəcədə hörmət etmək lazımdır.

- Özünüzü yaraşıqlı hesab edirsiz?
- Bu suala 84 cavab verə bilərəm. Yaraşıqlı deməzdim, özümü maraqlı, diqqət çəkə bilən insan hesab edirəm. Çünki 5 nəfər sussun kənarda otursun deyəcəklər ki, bu nə tərbiyəli, qanacaqlı uşaqdır səsi çıxmır. Mən sakit oturum deyəcəklər ki, buna bax yekəxanalığından səsini çıxartmır.

- İlk gəlirinizlə geyim almısız. Geyimdə brendə önəm verirsiz?
- Pulum çatana önəm verirəm. Bir dəfə brend mağazaların birində hesabımda 500 manat yığılmışdı. Bütün pulumu şortik və qolbağa verdikdən sonra brend mağazalara tövbə etmişəm. Əsas şey inqubatora bənzəməməkdir. Brendin o qədər də önəmi yoxdur.

- Yolda gedərkən tanınırsız?
- Yox desəm yalan olacaq, hə desəm yekəxanalıq. Mənə deyirlər ki, sənə qarşı qəribə bir maraq var. Bəziləri guya tanımırmış kimi danışsalar da bir-iki söhbətdən sonra məlum olur ki, əslində məni tanıyırlar. Həmin insanlar, özünü sındırmır. Fikirləşirlər ki, mən niyə deməliyəm ki, bunu tanıyıram.

- Subaylıq sultanlıqdır?
-Evli olmamışam bilmirəm asandır, çətindir. Amma mənlik deyil. Evliliyə hazırlıqlı olmalısan, həyat şəraitin yerində olmalıdır. Adamlar var ki, kimsə gəlib onları o yola çəkməlidir. Sözün yaxşı mənasında avara adamlar var. Mən o adamlardanam. Hamı mənə deyir ki sənin xasiyyətin çətindir. Müəyyən yaş keçdikdən sonra kimsə səni buna məcbur etməlidir. Kimsə səni o dərəcədə çox istəməlidir ki, o dərəcədə sən ona lazım, maraqlı, önəmli olmalısan ki səni o yola çəkməyi bacarmalıdır.

- Bir neçə il sonra peşman olmamaq üçün nə etmisiz?
- Peşman olmayım deyə hər şey etmişəm. Yəni bir normal insan, normal gənc kimi maksimum istirahət, əyləncə, gəzmək, işləmək bir sözlə ürəyim istəyən hər şeyi etmişəm. Avara olmamışam, onun-bunun hesabına yaşamamışam. Beş manat da olsa özüm qazanmışam və bununla fəxr edirəm.

- Ən dəyər verdiyiniz insan kimdir?
Nə etsəm də məni ən çox istəyən anamdı. Başqa heç kim. Təbii ki, dəyər verdiyim insanların başında bacım, qardaşım, atam durur. Amma ən əsas, ən çox və hər şeydən birinci anamdır.

- 5 il sonra özünüzü harada görürsüz?
- Ən azı iki oğlu olan, müəyyən bir vəzifə sahibi, stabil həyatı olan biri kimi görürəm. Çox istəyərəm ki, 5 il sonra hansısa bir universitetdə öz sahəmdən dərs deyəm. Dərs dedikdə kiməsə gedib inşa yazdırmağı nəzərdə tutmuram. Dəftərsiz, kitabsız dərsdən danışıram. Ancaq bu işi qocaldıqdan sonra yox, məhz cavan olanda etmək istəyirəm. İndi desəm mənə gülərlər.(gülür)

Ülviyyə Cövdətqızı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!