10 Fevral, 2011
Bin Laden “bir nömrəli terrorçu” statusunu itirdi

Artıq ABŞ üçün ən təhlükəli şəxs “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Laden yox, Yəmən əsilli terrorçu Ənvər əl-Avlaki sayılır.

Bunu ABŞ Milli Antiterror Mərkəzinin rəhbəri Maykl Leyter Konqresdə çıxışı zamanı bəyan edib. 

Maykl Leyter deyib ki, Üsamə bin Ladenin rəhbərlik etdiyi və əsas bazaları Pakistanda yerləşən “əl-Qaidə” şəbəkəsi son zamanlar ABŞ ordusunun hücumları nəticəsində zəifləyib və son 10 ildə ən zəif duruma düşüb. Onun sözlərinə görə, Ənvər əl-Avlaki və Yəməndə onun rəhbərlik etdiyi “əl-Qaidə” şəbəkəsi xüsusilə təhlükəlidir. Ənvər əl-Avlakinin rəhbərlik etdiyi bu şəbəkə ABŞ ərazisində yaşayan insanları da öz tərəflərinə çəkməyi bacarır: “Ənvər əl-Avlakinin uğurları bizim işimizi də çətinləşdirir. Yəmən terrorçularının lideri ingilis dilini də yaxşı bilir və internetdən öz ideyalarını təbliğ etmək üçün yararlanır. O, ABŞ-da yaşayanlarla birbaşa özü danışır”.

Qeyd edək ki, fevralın 9-da ABŞ vətəndaşı Patrik Boyd terrorçulara kömək etmək məqsədi ilə terror aktı törətməyə hazırlaşdığını etiraf edib. İstintaq onun ABŞ-dakı Yəmən terrorçularının şəbəkəsinin lideri hesab edir. Ümumiyyətlə, 2009-cu ilin əvvəlindən indiyə qədər ABŞ-da 60-dan çox insan terror aktı törətmək və terror aktına hazırlaşmaq maddələri ilə mühakimə olunublar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!