10 Fevral, 2011
Azərbaycanlı xəstələri almaniyalı həkimlər teletəbabət vasitəsilə təmənnasız konsultasiya edəcəklər

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Səhiyyə Nazirliyinin M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində İkinci Azərbaycan-Almaniya Cərrahiyyə Günləri keçirilib.

Heydər Əliyev Fondundan bildirilir ki, tədbirdə yerli mütəxəssislərlə yanaşı, Almaniyanın Haydelberq Universiteti klinikalarından birinin rəhbəri və Almaniya Cərrahlar Cəmiyyətinin sədri, professor S.Postun rəhbərlik etdiyi 5 nəfərlik nümayəndə heyəti iştirak edib.

SalamNews xəbər verir ki, tədbir zamanı respublikanın müxtəlif klinikalarında çalışan 250-yə yaxın cərrah, endoskopist və əməliyyatlarda iştirak edən tibb bacıları üçün məruzələr, treninqlər və birbaşa yayımla nümunəvi əməliyyatlar keçirilib. Səkkiz xəstə üzərində mürəkkəb cərrahi əməliyyatlar və müxtəlif patologiyalara görə endoskopik müayinə və müalicələr aparılıb.

Eyni zamanda, 60-dan çox xəstənin almaniyalı mütəxəssislər tərəfindən təmənnasız müayinəsi və konsultasiyası həyata keçirilib.

Tədbirin sonunda almaniyalı həkimlərlə gələcəkdə Heydər Əliyev Fonduna müraciət edəcək xəstələrin davamlı olaraq Almaniyanın aparıcı universitetləri klinikalarının mütəxəssisləri tərəfindən teletəbabət vasitəsilə təmənnasız konsultasiya olunması barədə razılaşma əldə edilib.

Bundan əlavə, tərəflər ağır xəstələrin cərrahi və terapevtik müalicəsi üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Almaniyadan xüsusi həkim briqadalarının müntəzəm surətdə Azərbaycana ezam edilməsinin təmin olunması barədə razılığa gəliblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!