10 Fevral, 2011
İlham Əliyev bir qədər də sərt danışdı

«Korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır»

«Bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına məlumat versinlər».

Bu sözləri prezident İlham Əliyev Qazaxda olarkən deyib. O, əlavə edib ki, ölkədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır:

«Bu məsələlərin həlli ilə bağlı bu ilin əvvəlində Nazirlər Kabinetinin iclasında verdiyim tapşırıqlar yerinə yetirilir. Mən Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat versin ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq».

İlham Əliyev onu da deyib ki, keçən il minimum əməkhaqqı və pensiyanın baza hissəsi artırılıb:

«Azərbaycanda orta əməkhaqqı 400 dollardan artıqdır. Ancaq yenə də deyirəm, bu, bizi qane edə bilməz. Bütün səylərimiz ona yönəlməlidir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar».

Ölkədə yoxsulluq probleminə toxunan prezident bildirib ki, son 7 ildə yoxsulluq səviyyəsi 4 dəfə düşüb, amma yoxsulluğun hazırkı 9 faizlik həddi də çoxdur:

«Son 7 ildə 900 mindən çox iş yeri açılıb ki, onlardan 700 minə qədəri daimidir. İşsizliyin böyük hissəsi aradan qaldırılıb, amma hələ də işsizlik var».

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!