9 Fevral, 2011
Misirdə yenə qan axır

Misirdə aləm yenə qarışıb.

Bu gün Port-Said şəhərində icra hakimiyyətinin binası yandırılıb. Bir neçə min insan hücum çəkərək binaya daş və butulkalarda yandırıcı maddələr atıb. İnsanlar 3 min nəfərin məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı şəhər administrasiyasına müraciətinin zibil qutularına atılmasından xəbər tutandan sonra küçələrə çıxıblar. 

Paytaxt Qahirədən cənub-qərbdə yerləşən El-Vadi əl-Qadid əyalətində də kütləvi iğtişaşlar 2 gündür ki, davam edir. Dünən 60-dan çox insan əyalətin inzibati mərkəzi El-Xarqa şəhərində polislə qarşıdurmada xəsarət alıb. Əyalət sakinləri yerli əhali ilə mehriban münasibət saxlamayan polis rəisinin şəhərə qayıtmasından sonra küçələrə çıxıblar. Bu gün polislə qarşıdurmalarda 1 nəfər ölüb, onlarla insan xəsarət alıb. Polis aksiyaçılara qarşı gözyaşardıcı qaz, təzyiqli su və döyüş güllələrindən istifadə edib.

Qahirənin Təhrir meydanında da minlərlə insanın iştirak etdiyi aksiya davam edir. Şəhərdə ümumi vəziyyət isə stabildir. Cümə günü günorta namazından sonra böyük kütləvi aksiyanın keçirilməsi nəzərdə tutulur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!