9 Fevral, 2011
Adam oğrularının məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Çin vətəndaşlarından ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hazırlıq iclasında məhkəmə baxışının vaxtı müəyyən olunub. Proses fevralın 23-də keçiriləcək. 

Xatırladaq ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam oğruluğu ilə məşğul olmaqda təqsirləndirilən mütəşəkkil dəstənin başçısı, Çin Xalq Respublikasının vətəndaşı Ci Fonq Pinq və dəstənin üzvü, həmyerlisi Hu Ye saxlanılıb. Mütəşəkkil dəstənin digər üzvlərinin də müəyyən edilib tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilib və nəticədə Vanq Li Yonq, Vanq Konq Yonq, Yu Çanq Bin, Jhen Go Van, Jhen Si Hun, Yu Huen saxlanılıb. Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri 2009-cu il noyabrın 13-də Çin Xalq Respublikasının vətəndaşı Liu Genyongu və onun qardaşı Liu Xiaoleini Masallı rayonu ərazisindən oğurlayaraq Bakı şəhərinə gətiriblər. Bakıda 2 gün saxladıqdan sonra Liu Genyongun həyat yoldaşı Huonq Suzhendən 22 min ABŞ dolları alıb, onları azad ediblər. Təqsirləndirilənlər Çin Xalq Respublikasının vətəndaşı Liu Genyongun ərizəsi əsasında tutulublar.

Onlar Cinayət Məcəlləsinin adam oğurluğu maddəsinə əsasən ittiham olunurlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!