9 Fevral, 2011
Polis cəbhəçiyə xəbərdarlıq etdi

AXCP Gənclər Komitəsinin üzvü Sumqayıt şəhər Baş Polis İdarəsinə çağırılıb

AXCP Gənclər Komitəsinin üzvü və “Yüksəliş naminə” qəzetinin müxbiri Elçin Həsənov Sumqayıt şəhər Baş Polis İdarəsinə çağırılıb. Elçin Həsənov Azadlıq Radiosuna deyib ki, ilkin olaraq onunla rəis müavini Azər Cahangirov söhbət edib. Bildirilib ki, onu polis idarəsinə “Facebook” sosial şəbəkəsində adamları mitinqə çağırdığına görə dəvət ediblər. Elçin Həsənov deyir ki, o, AXCP üzvü Cabbar Savalanın həbsi ilə əlaqədar iki gün əvvəl Bakıda Heydər Əliyevin abidəsi önündə çıxış edərək gəncləri aksiyaya çağırıb.

Sumqayıt şəhər baş Polis İdarəsinin rəis müavini Azər Cahangirov Elçin Həsənovun polisə dəvət olunmasını təsdiqləyib: “Elə ciddi bir şey yox idi. O, artıq getdi. Bir məsələ var idi onu dəqiqləşdirirdik. Ona hər hansı xəbərdarlıq olmadı” .

Azər Cahangirov Elçin Həsənovu nəyə görə polisə çağırdıqlarına açıqlamayıb. Hər şeyi onun özündən soruşmağı məsləhət görüb.

Polis İdarəsindən çıxandan sonra Elçin Həsənov Azadlıq Radiosuna deyib ki, polis rəisi ona mitinqə çağırışla bağlı təkzib verməsini istəyib. O, da bununla razılaşıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!