9 Fevral, 2011
SİYASİ MƏHBUSLAR AZADLIQDA

Misirin paytaxtı Qahirədə daha bir kütləvi aksiya keçirilib. Fevralın 8-də Təhrir meydanına toplaşan yüz minlərlə aksiyaçı prezident Hüsnü Mübarəkin istefasını tələb edib. Yanvarın 25-dən başlayan fasiləsiz aksiya davam edir. 8 fevral mitinqində “Google” portalının Yaxın Şərq şöbəsinin top-meneceri Vael Qonimin də iştirak etdiyi bildirilir. O, igtişaş törətməkdə təqsirləndirilərək 12 sutka həbs cəzası almışdı.

Prezident Hüsnü Mübarək fevralın 8-də konstitusiya islahatları aparacaq komissiya formalaşdırıb. Konstitusiyada əsas islahatların prezidentin səlahiyyət müddətinin 6 ildən 4 ilə endirilməsi və iki dəfədən artıq dalbadal seçilməyin yasaqlanması olacağı bildirilir. 

Misir hökuməti isə 34 siyasi məhbusun azadlığa buraxıldığını açıqlayıb.

“Human Rayts Votç” beynəlxalq insan hüquqları təşkilatının 7 fevral hesabatına görə, yanvarın 25-dən başlayan xalq hərəkatında ən azı 297 nəfər həlak olub. Ancaq etirazçılar başlıca tələblərinə - 1981-ci ildən ölkəni idarə edən prezidentin istefasına nail ola bilmirlər. Səlahiyyət müddəti 2011-ci ilin sentyabr ayında bitən Hüsnü Mübarək vaxtından əvvəl getməkdən imtina edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!