7 Fevral, 2011
Masallıda partlayan binanın dağıntıları altından 4 nəfər çıxarıldı

Telekommunikasiya Qovşağının binasının dağıntıları altında daha 2 nəfərin qaldığı bildirilir

 

Masallı Rayon Telekommunikasiya Qovşağının binasında baş vermiş partlayış nəticəsində dağıntılar altında qalan 4 nəfər xilas edilərək rayon Təcili və Təxirəsalınmaz Yardım Xəstəxanasına yerləşdirilib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, onların vəziyyəti ağırdır. Daha 2 nəfərin dağıntılar altında qaldığı bildirilir. Dağıntılar altında qalanlardan biri qadın, digəri isə kişidir. Hazırda onların xilas edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Masallı Rayon Telekommunikasiya Qovşağının binasında baş vermiş partlayışla əlaqədar rayonun rabitə sistemi tamamilə sıradan çıxıb.

Qeyd edək ki, bu gün saat 14.40 radələrində Masallı Rayon Telekommunikasiya Qovşağının binasında güclü partlayış baş verib. APA-nın cənub bürosunun məlumatına görə, partlayışın təsirindən dördmərtəbəli binanın bir hissəsinin divarları tamam dağılıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional İdarəsinin xilasediciləri hadisə yerində xilasetmə işlərinə cəlb olunublar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!