6 Fevral, 2011
Amerikalı tarixçi erməniləri ifşa etdi
professor Jastin MakKarti

Luisvill Universitetinin professoru Jastin MakKarti ermənilərin soyqırımı iddialarının uydurma olduğunu faktlarla sübut edib.

London İqtisadiyyat Universitetində keçirilmiş “Türk-erməni münasibətləri: əsassız ittihamlar, yalanlar və erməni problemi” mövzusunda konfransda çıxış edən ABŞ-ın Luisvill Universitetinin professoru Jastin MakKarti ermənilərin soyqırımı iddialarının uydurma olduğunu və bu məsələnin Amerika-ingilis mətbuatında birtərəfli işıqlandırıldığını söyləyib.

Türkiyənin Böyük Britaniyadakı səfiri Əhməd Ünal Çeviköz, İngiltərə Türk Dərnəkləri Federasiyasının üzvləri və tarixçi alimlərin iştirak etdikləri konfransda amerikalı tarixçi ermənilərin hücumuna məruz qalıb.
Professor MakKarti 1890-cı ildən başlayan hadisələrə toxunaraq bildirib ki, bütün bu iddiaların mənbəyi o zaman ingilis və Amerikan mətbuatında erməni yalanlarına istinadla Osmanlı imperiyası və türklər haqqında yayılan əsassız xəbərlərdir. Həmin illərdə baş vermiş köçlərin və qətliam iddialarının hələ əvvəlcədən Qərb mətbuatında yer alması da şübhə doğuran amildir. Bu qəzetlərin bölgədə öz müxbirləri yox idi və ermənilərdən aldıqları məlumatları yayırdılar. Ən qəribəsi odur ki, xəbər və məqalələri yazanlar təxəyyülünə güc verərək hadisələrin çoxunu uydururdular.

Amerikalı tarixçi bölgədəki missionerlərin də öz mənafelərinə uyğun olan və həqiqəti əks etdirməyən müxtəlif kitablar yazdığını, onların “öz hekayələrini özləri uydurduqlarını” deyib. Təəssüf ki, bir sıra siyasi ambisiyaları olan lobbi təmsilçiləri bu yalanları bu gün də həqiqət kimi təqdim edirlər.

Jastin MakKarti o dövrdə mətbuatda dərc olunmuş müxtəlif xəritələri də konfrans iştirakçılarına göstərərək, diqqəti onlardakı böyük səhvlərə yönəldib.

Erməni soyqırımı iddiası - Birinci Dünya Müharibəsi ərəfəsində Osmanlı İmperiyasında (Anadolu) yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddiadır. Türkiyə hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirməkdə və dövlət göstərişinin olmadığını bildirsə də, bu gün dünyanın bir neçə ölkəsində "soyqırım"ın varlığı qəbul edilib. Amma qərarlar sadəcə tarixə əsaslanaraq yox, erməni lobbisinin təsiri ilə qəbul edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!