5 Fevral, 2011
“Palmali” şirkətlər qrupu Türkiyədə yeni tankeri istifadəyə vermişdir

Ankara, 4 fevral (AzərTAc). Türkiyənin Yalova liman şəhərinin “Beşiktaş” tərsanəsində “Palmali” şirkətlər qrupunun inşa etdirdiyi “Kapitan Nağdəliyev” tankeri dənizə endirilmişdir.

Bu münasibətlə tərsanədə keçirilmiş mərasimdə “Palmali” şirkətlər qrupu idarə heyətinin sədri Mübariz Mənsimov, “Beşiktaş” gəmi inşaatı qrupunun sədri İhsan Kalkavan, gəmiyə adı verilmiş Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin dəniz təhlükəsizliyi idarəsinin rəisi Bayram Nağdəliyev iştirak etmişlər.

Qocaman dənizçi Bayram Nağdəliyev mərasimdə çıxış edərək, ulu öndərimiz Heydər Əliyevin söylədiyi kimi “bir millət, iki dövlət” olan Azərbaycan ilə Türkiyənin qardaşlığının əhəmiyyətini vurğulamış, tankerin suya endirilməsinin simvolu olan kəndiri kəsmişdir.

Dörd ayda tamamlanmış tanker “Beşiktaş” tərsanəsində inşa ediləcək 10 tankerdən ikincisidir. İlk gəmi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!