5 Fevral, 2011
Sınaq imtahanlarında bəzi sualların cavabları səhv çıxıb

Test tapşırıqlarının imtahandan əvvəl qapalı ekspertizası aparılmadığından bəzi suallarda texniki qüsurlara yol verilib.

Ali məktəblərə hazırlaşan abituriyentlər üçün yanvarın 23-də keçirilmiş sınaq imtahanları ilə bağlı Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına (TQDK) çoxlu sayda müraciətlər daxil olub. TQDK-dan Lent.az-a verilən məlumata görə, sınaq imtahanından sonra elektron poçta daxil olmuş sorğularda ayrı-ayrı fənlər üzrə test tapşırıqlarının bəzilərində texniki qüsurların olması, doğru cavabın olmaması və ümumiyyətlə, tapşırıqların çətin olması bildirilir.

Komissiyada deyirlər ki, sınaq imtahanı əsasən, bu il il ali məktəblərə qəbul imtahanlarında riyaziyyat fənnindən istifadəsi nəzərdə tutulmuş açıq tipli test tapşırıqlarının forması və tiplərinin abituriyentlərə təqdim edilməsi məqsədilə keçirilib. Sınaq imtahanında istifadə edilmiş test tapşırıqları Təhsil Nazirliyinin təsdiq etdiyi, hazırda orta məktəblərdə qüvvədə olan tədris proqramının (5 - 11 –ci siniflər) cari ildə 11-ci sinifdə birinci yarımildə olan hissəsini əhatə edir. Buna görə də test tapşırıqları qəbul imtahanı üçün nəzərdə tutulmuş modeldən həm məzmun, həm də mürəkkəblik dərəcəsi baxımından fərqlənir.

Komissiyada bildirirlər ki, sınaq imtahanı üçün seçilmiş test tapşırıqlarının imtahandan əvvəl qapalı ekspertizası aparılmadığından, bəzi test tapşırıqlarında texniki qüsurlara yol verilib. Məsələn, IV ixtisas qrupunda biologiya fənnindən A variantında 93 (B variantında 85), III ixtisas qrupunda isə ingilis dili fənnindən A variantı 79 (B variantı 76) saylı test tapşırıqlarında iki distraktorda cavab təkrarlanıb. Tarix fənnindən II ixtisas qrupunda A variantı 32 (B variantı 40), III ixtisas qrupunda isə A variantı 53 (B variantı 64) saylı test tapşırıqlarında yanlış cavab variantlarında 5 rəqəmi səhvən verilib. Lakin bu texniki qüsurlar doğru cavabın tapılmasına təsir etməyib.

Bundan başqa, rus dili fənnindən I, II, IV ixtisas qruplarında A variantı 23 (B variantı 22) və III ixtisas qrupunda rus ədəbiyyatı üzrə isə A variantı 33(B variantı 31) saylı test tapşırıqlarında etalon kimi müəyyənləşdirilmiş doğru cavablardakı informasiyada səhvə yol verildiyindən həmin tapşırıqlar ballar hesablanarkən abituriyentlərin xeyrinə nəzərə alınıb. Həmçinin III ixtisas qrupunda rus dili fənnindən A variantı 23 (B variantı 21) saylı test tapşırığında doğru cavab iki dəfə təkrarlanıb. Bu halda da ballar hesablanarkən sual da abituriyentlərin xeyrinə nəzərə alınıb.

TQDK-da sorğulara cavab olaraq bildirirlər ki, bu il ali məktəblərə qəbul imtahanlarında bütün ixtisas qruplarında riyaziyyat fənnindən açıq tipli test tapşırıqlarının istifadəsi mütləqdir. Bu səbəbdən abituriyentlərə açıq tipli test tapşırıqlarına ciddi hazırlaşmaq tövsiyə olunur.

Xatırladaq ki, yanvarın 23-də keçirilən sınaq imtahanının iştirakçılarından Azərbaycan bölməsi üzrə 29, rus bölməsi üzrə isə 4 nəfər 600 baldan yuxarı nəticə göstərib. Açıq tipli test tapşırıqlarının hamısına isə 58 nəfər abituriyent doğru cavab verib.

Elxan SALAHOV

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!