5 Fevral, 2011
Qara Qarayevə həsr olunan kitabın təqdimatı keçirildi

Kitab muzeyin sədləri əsasında hazırlanıb

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materialları əsasında bəstəkar Qara Qarayevin həyat və yaradıcılığına həsr olunan kitab hazırlanıb. Bu gün M.F.Axundov adına Milli Kitabxanada kitabın təqdimatı keçirilib. Q. Qarayev haqqında məlumatın və onun əsərlərinin yer aldığı disklər də nümayiş etdirilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov Azərbaycan musiqisinə şöhrət gətirən sənətkarlar arasında Q.Qaraqyevin xüsusi yer tutduğunu  deyib: “O həm sənətkar, həm pedaqoq kimi daim yeni axtarışlar sorağında olan bəstəkar idi. Q.Qarayevin xalqın milli dəyərlərinin yaşanmasında rolu əvəzsizdir. Dahi insanlar heç vaxt ölmürlər. Onlar öz isimləri ilə xatirələrdə ucalan heykəllər olaraq hər zaman insanların qəlbində qalacaqlar”.

Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva xarici ölkələdə də Q.Qarayevə həsr olunmuş bir sıra tədbirlərin keçirildiyini qeyd edib : “O, dünya bəstəkarlıq sənətinə töhvə vermiş sənətkardır. klassik və müasir musiqinin sintezini yaradan Q. Qarayev yalnız bəstəkar kimi yox, publisist, pedaqoq kimi də tanınır”.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova bildirib ki, muzeyin kolleksiyasında Q.Qarayevin və onun yaxınlarının fatoşəkilləri, not və mətnlərin əlyazmaları, bəstəkarın şəxsi kitabları və əşyaları var. A. Bayramov təqdim olunan kitabda 700-dən artıq sənədin yer aldığını diqqətə çatdırıb: “Lakin bəstəkarın həyat və yaradıcılığını tam əks etdirmək mümkün olmayıb. Çünki ona aid bəzi sənədlər digər muzeylərdə və qurumlarda arxivləşdirilib”.

Əməkdar elm xadimi Zemfira Səfərova sabah bəstəkarın 93 yaşının tamam olacağını söyləyib.

Bəstəkar Xəyyam Mirzəzadə Q.Qarayevi müəllim kimi belə xarakterizə edib: “Q. Qarayev təvəzökar insan idi. Dərsləri çox maraqlı keçərdi. O,  tələbələrinə yalnız musiqini deyil, bir insan kimi də inkişaf etməyi  öyrədirdi”.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rəfael Hüseynov bildirib ki, Q.Qarayevin fəaliyyəti həm də siyasət idi: “O, bu siyasətlə Azətbaycan musiqisini dünyaya sevdirdi”.

Kitab Mədəniyyət və Turizm Nazirliyi, H.Əliyev Fondunun dəstəyi ilə çap olunub. Təqdim olunan disklərdə bəstəkarın musiqi və nəşr əsərləri, fotoları, onun haqqında deyilən fikirlər, yazılan dissertasiyalar yer alıb.

Tədbirdə Opera və Balet Teatrının solisti Elnur Qurbanov bəstəkarın əsərlərindən nümunələr səsləndirib.

Arifə MİKAYILOVA

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!