4 Fevral, 2011
Sabahdan Azərbaycanda vergi ödəyicilərinin pasportlaşdırılmasına başlanılır

APA-ECONOMICS. Azərbaycan Vergilər Nazirliyi fevralın 1-dən sahibkarlıqla məşğul olan vergi ödəyiciləri və təsərrüfat subyektlərinin pasportlaşdırılmasına başlayıb.

«APA-ECONOMICS»in xəbərinə görə, bunu jurnalistlərə vergilər nazirinin müavini Sahir Məmmədxanov bildirib.

Onun sözlərinə görə, əsas məqsəd vergi ödəyiciləri ilə bağlı uçot məlumatlarının dəqiqləşdirilməsidir: «Artıq bununla bağlı lazımi hazırlıqlar başa çatdırılıb. Nazirlik əməkdaşları Bakı şəhəri və regionlar üzrə bölünüb. Sabahdan həm pasportlaşma həyata keçiriləcək, həm vergi uçotuna durmayanlar qeydiyyata alınacaq, həm də fəaliyyət göstərməyən obyektlər barədə məlumatlar yığılacaq».

S.Məmmədxanov qeyd edib ki, pasportlaşma vergi əməkdaşlarının ödəyicilərin ünvanına getməklə apardığı müşahidələr, onlardan aldıqları məlumat və cavablar əsasında həyata keçiriləcək. Toplanan məlumatlar yerli vergi orqanlarında cəmləşdirilərək Nazirliyin Kommersiya-hüquqi şəxslərin dövlət qeydiyyatı və iqtisadi təhlil Baş İdarəsində hazırlanmış elektron formada yığılacaq və inventarizasiya davam etdiriləcək. Proses fevralın 21-nə qədər davam edəcək».

Nazir müavini bildirib ki, pasportlaşma zamanı heç bir vergi ödəyicisinin cərimələnməsi nəzərdə tutulmur: «Xüsusilə vergi ödəyicilərinin nəzərinə çatdırmaq istəyirik ki, aparılmış tədbirlər zamanı vergi əməkdaşlarına ödəyicilərə qarşı maliyyə sanksiyası tətbiq etmək səlahiyyəti verilməyib. Pasportlaşma bazarda fəaliyyət göstərən ticarətçi və satıcılara aid deyil».

Qeyd edək ki, Azərbaycanda sahibkarlıqla məşğul olan vergi ödəyiciləri və təsərrüfat subyektlərinin pasportlaşdırılması bir neçə dəfə, o cümlədən 2001-ci və 2004-cü illərdə aparılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!