4 Fevral, 2011
İranın ali lideri: “İsrail Fələstin xalqının başına gətirdiyi bütün zülmləri bu Namübarəkin köməyi ilə edib”

“Hüsnü Mübarəkin illər boyu Amerikaya nökərçilik etməsi Misiri bir addım belə inkişafa apara bilməyib”

“Misir xalqı Mübarək rejiminin İsrail və Amerikanı dəstəkləməsinə görə özünü təhqir olunmuş hesab edir”. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu sözləri İranın ali lideri Seyid Əli Xamenei cümə namazında deyib. O bildirib ki, Misir xalqının ayağa qalxması islamı bir hərəkatdır və misirlilər bu əhval-ruhiyyə ilə heç vaxt qərblilərin hiylələrinə aldanmayacaqlar: “Hüsnü Mübarəkin illər boyu Amerikaya nökərçilik etməsi Misiri bir addım belə inkişafa apara bilməyib. Misir xalqı aclıq və səfalət içində yaşayır”. 

Ə. Xameneinin fikrincə, Misirdə və Tunisdə baş verən hadisələrdən ən çox narahat olan İsrail rejimidir: “Bir millətin rəhbərinin rəsmi şəkildə Amerika və onun əlaltılarının nökəri olması nə qədər də pisdir. Bu, bir millət üçün ölüm qədər ağırdır”.

İranın ali rəhbəri Hüsnü Mübarəki “Namübarək” adlandırıb: “Misir bütün ərəb ölkələrinin lideri hesab edildiyi halda Fələstin xalqının müdafiəsinə qalxmaq əvəzinə işğalçı İsrail rejiminin bayrağının ölkədə dalğalanmasına heç bir məhdudiyyət qoymayıb. İsraillilər Fələstin xalqının başına gətirdiyi bütün zülmləri bu Namübarəkin köməyi ilə ediblər”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!