4 Fevral, 2011
Xalq artisti Faiq Ağayev məhkəmədə ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın xalq artisti Faiq Ağayevi bıçaqlamaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim İlqar Murğuzovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilənlər Seymur Məmmədov və Rüfət Məlikov ifadələrində özlərini təqsirli bilmədiklərini deyiblər.
Digər təqsirləndirilən Natəvan Şərifova isə ifadə verməyib və zərərçəkənlər ifadə verəndən sonra danışacağını deyib.

Prosesdə Faiq Ağayev də iştirak edib. Xalq artisti zərərçəkən qismində ifadə verib.
F. Ağayev ifadəsində ona heç bir səbəb olmadan hücum edildiyini deyib: “Sadəcə, yol istəyəndə onlar mənə söydülər. Mən də bunu aydınlaşdırmaq üçün onların arxalarınca gedib, məsələni aydınlaşdırmaq istəyəndə bıçaqlandım”.

Daha sonra prosesdə fasilə elan olunub.

Qeyd edək ki, bu il sentyabrın 27-də səhər saatlarında Nəsimi rayonu ərazisində, keçmiş “Kubinka” adlanan yerdə xalq artisti Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, “Audi” markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayevə və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Təcilli olaraq xəstəxanaya yerləşdirilən xalq artisti Faiq Ağayev, onun mühafizəçiləri Ramin Bayramov və Azər Musayev əməliyyat olunublar.

Baş vermiş hadisə ilə bağlı üç nəfər məsuliyyətə cəlb edilib. Cinayət Məcəlləsinin (CM)126.2.1, 126.2.4 və 221.3-cü maddələrlə təqsirləndirilən Rüfət Məlikov barəsində Nəsimi rayon Məhkəməsinin hökmü ilə 3 ay, CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində məsuliyyətə cəlb edilən Seymur Məmmədov barəsində isə 2 ay müddətinə həbs-qətimkan cəzası seçilib. Hadisənin digər iştirakçısı olmuş Natəvan Şərifova isə himayəsində azyaşlı uşaqların olması nəzərə alınmaqla, CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib və onun barəsində də polisin nəzarəti altında olmaqla qətimkan tədbiri seçilib.
Xatırladaq ki, məlum hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3 maddələri ilə başlanan cinayət işi məcəllənin 126.2.1, 126.2.4, 221.2.1 və 221.3 maddələrinə tövsif edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!