4 Fevral, 2011
İlham Rəhimli "Mədəniyyət" kanalının direktor müavini təyin olundu

Kanalda 15 nəfərlik Bədii Şura da fəaliyyət göstərəcək

Fevralın 14-də fəaliyyətə başlayacaq “Mədəniyyət” kanalının direktor müavinləri təyin olunub. Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) QSC-dən APA-ya verilən məlumata görə, bunlar AzTV-nin Maarifçilik redaksiyasının baş redaktoru İlham Rəhimli və Musiqi və əyləncəli proqramlar redaksiyasının baş redaktoru isə Nadir Axundov təyin ediliblər. Kanalın baş direktoru isə hələlik müəyyən olunmayıb. Baş direktorun fevralın 7-dən sonra elan olunacağı gözlənilir. Kanalın baş operatoru isə Eldar Məmmədov təyin olunub.

Kanal hələlik hər gün saat 12.00-dan gecə saat 02.00-dək - 14 saat müddətində yayımlanacaq. Fevralın 14-də, kanalın açılışı günü həm də Muğam müsabiqəsinin başlanacağı gözlənilir. “Mədəniyyət” kanalında yaradıcılıq birliklərinin nümayəndələrindən və tanınmış ziyalılardan ibarət 15 nəfərlik Bədii Şura da fəaliyyət göstərəcək. Kanalın işçi heyəti də artıq müəyyənləşib. AzTV-nin Maarifçilik, Musiqi və əyləncəli proqramlar, Ədəbi-dram, Xalq yaradıcılığı, Müəllif proqramları redaksiyaları “Mədəniyyət” kanalının tərkibində fəaliyyət göstərəcək. Kanalda aparıcılardan başqa, diktor sistemi də tətbiq olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!