4 Fevral, 2011
Azərbaycan Hərbi Prokurorluğu: “SU-25” təyyarəsinin qəzaya uğraması faktını araşdırmaq üçün istintaq qrupu yaradılıb

Azərbaycan Hərbi Prokurorluğu hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar məlumat yayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov APA-ya açıqlamasında bildirib ki, baş vermiş hadisə ilə əlaqədar Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin şöbə rəisi, mühüm işlər üzrə müstəntiqləri, prokuror-kriminalistləri və Tərtər Hərbi Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu hadisə yerindədir. Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılmaqla zəruri təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir. Əldə olunan nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. 

Qeyd edək ki, qəza bu gün saat 17.00 radələrində Kürdəmir rayonunun Sor-sor kəndi ərazisində qeydə alınıb. Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “SU-25” markalı təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu APA-ya açıqlamasında hadisəni təsdiqləyib. O, təyyarədə olan hər iki ekipaj üzvünün katapult edərək xilas olduğunu bildirib: “Xoşbəxtlikdən qəza nəticəsində ölən və xəsarət alan yoxdur”.

E. Sabiroğlu hadisə barədə daha sonra geniş açıqlama veriləcəyini deyib.

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, bunlar Hərbi Hava Qüvvələrinin zabitləri - polkovnik-leytenant Zaur Yusifli və kapitan Xəyyam Şükürovdur.

Pilotlar qəza zamanı xəsarət almayıblar.

Məlumata görə, qəza təyyarə eniş edən zaman baş verib. Qəzanın ilkin səbəbinin isə təyyarənin şassilərinin açılmaması olduğu bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!