3 Fevral, 2011
Albaniyada insanlar küçələrə axışacaq

Albaniyada yanvarın 21-də müxalifətin keçirdiyi etiraz aksiyası zamanı 3 nəfərin ölməsindən sonra ölkədə başlayan siyasi gərginlik davam edir.

Simsar.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, müxalifətdəki sol partiyalar yeni aksiyalara hazırlaşır. Sabah eyni vaxtda ölkənin 4 şəhərində aksiyalar keçiriləcək. Nümayişlərin hədəfində isə Sali Berişa rəhbərliyindəki koalisiya hökuməti var. Müxalifət hökumətin iqtidardan uzaqlaşdırılmasını, növbədənkənar parlament seçkilərinin keçirilməsini və 21 yanvardakı olayların geniş miqyaslı istintaqının aparılmasını tələb edir.

Sosialist Partiyasının rəhbəri Edi Ram ölkədə yaranan siyasi böhrana görə Sali Berişanın məsuliyyət daşıdığını bildirib və müxalifətin öz arasında uzlaşmaya hazır olduğunu söyləyib. Sali Berişa isə Sosialist Partiyasını hökumətə və dövlətə qarşı qiyam cəhdində ittiham edib. Baş nazir bu səbəbdən Avropa Birliyi ilə bütövləşmə prosesinin böyük zərər gördüyünü söyləyib.

LE

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!