3 Fevral, 2011
Yeni Gömrük Məcəlləsi hazırlanır

Fevralın 3-də Milli Məclisin İqtisadi Siyasət, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitələrinin birgə iclası keçirilib.

İclasda yeni Gömrük Məcəlləsinin layihəsi müzakirə olunub. Layihə barədə məlumat verən İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu məcəllə vətəndaşlarla, o cümlədən, sahibkarlarla icra strukturları arasındakı münasibətləri tənzimləyir. Onun sözlərinə görə, 400 maddəlik layihədə Dövlət Gömrük Komitəsinin səlahiyyətləri bir daha Avropa standartları səviyyəsində müəyyən edilməklə yanaşı, bu sahədə informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini nəzərdə tutur. 


Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev yeni məcəllənin hazırlanması zamanı görülən işlərdən danışıb. O qeyd edib ki, komitə son 10 ildə bu sahədə vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq qurumlarla sıx əməkdaşlıq edib. Məhz bunun nəticəsində Gömrük Məcəlləsi xeyli təkmilləşdirilib.


Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov isə bildirib ki, 2013-cü ilədək Azərbaycanın milli qanunvericiliyi, xüsusən də iqtisadi qanunvericiliyi Avropa standartlarına uyğunlaşdırılmalıdır. Bu baxımdan, Gömrük Məcəlləsinin yeni variantının hazırlanması çox mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu məcəllə Azərbaycanın Avropa standartlarına uyğun hazırlanmış ilk məcəlləsidir.


Ə.Hüseynov deyib ki, Dövlət Gömrük Komitəsi indiyə qədərki fəaliyyətində informasiya texnologiyalarından geniş istifadə edib. Lakin bu məcəllənin işlənilib hazırlanmasında beynəlxalq təşkilatların, o cümlədən, Ümumdünya Gömrük Təşkilatı ekspertlərinin rəyləri də nəzərə alınıb.


Digər millət vəkili Əli Məsimli Gömrük Məcəlləsinin yeni variantda hazırlanmasını və müzakirəyə çıxarılmasını əlamətdar hadisə kimi dəyərləndirib. O qeyd edib ki, yeni layihə bütün cəhətlərinə görə yaxşı hazırlanıb. Sənəd parlamentin plenar iclasında müzakirəyə çıxarılarkən millət vəkillərinin böyük əksəriyyəti bu layihənin qəbuluna səs verəcək.

Hazırda yeni Gömrük Məcəlləsi layihəsinin müzakirəsi davam edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!