3 Fevral, 2011
Misir: Qahirədə qanlı toqquşmalar yenidən başlandı

Qərb Misir prezidenti Hüsni Mübarəki hakimiyyətdən dərhal getməyə çağırdı.

Misir paytaxtı Qahirədə prezident Hüsni Mübarəkin tərəfdarları müxalifətin etiraz aksiyasına qatılanlara yeni hücumlara başlayıblar. Onlar müxalifət qüvvələrinin mitinqinə qatılmış insanları iqtidar tərəfdarlarından ayıran, hərbçilərin çəkdikləri səddi yarıblar.

Müxalifət və hökumət tərəfdarları arasındakı toqquşmalarda indiyədək 8 nəfər həlak olub, 2 minə yaxın insan yaralanıb.

* * *
Bu arada BMT-nin Kiprdəki sülhməramlı missiyasının rəsmi nümayəndəsi Rolando Qomesin dediyinə görə, BMT-nin Misirdəki bütün əməkdaşları ölkədən çıxarılacaq. Bu gün onların arxasınca Qahirəyə 4 təyyarə göndərilib.

BMT əməkdaşları ailələri ilə birlikdə ölkədən çıxarılacaq.
Birləşmiş Millətlər Təşkilatının 600 əməkdaşı Kiprdə yerləşdiriləcək.

Bu gün səhər Fransa, Britaniya, Almaniya, İtaliya və İspaniyanın dövlət başçıları Misir prezidenti Hüsni Mübarəkə müraciət edərək onu hakimiyyətdən dərhal getməyə çağırıb. Qərb hesab edir ki, əks təqdirdə Misirdəki siyasi böhran daha da dərinləşəcək.

ABŞ Dövlət Departamenti isə amerikalılara Misiri mümkün qədər tez tərk etməyi məsləhət görüb.
Misirdən indiyədək 1900 amerikalı və onların ailəsi çıxarılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!